19:56
602
“Təhsil sistemində əsas məsələ artıq məlumat toplamaq deyil, onu düzgün seçmək, təhlil etmək və tətbiq etmək bacarığını formalaşdırmaqdır”.
Bu fikirləri təhsil eksperti Rizvan Fikrəroğlu “xalqcebhesi.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, müasir dövrdə problem məlumat çatışmazlığı deyil, əksinə, həddindən artıq informasiya bolluğudur və bu şəraitdə təhsil sistemi yalnız yaddaş və fakt əzbərləmə üzərində qurulursa, bu, reallıqdan geri qalmaq deməkdir:
“Lakin yaddaş artıq lazım deyil fikri də doğru yanaşma deyil. Baza biliyi olmadan məlumatı filtrasiya etmək mümkün deyil. Burada məsələ tam əvəzlənmə yox, balansın dəyişməsidir. Məktəb və universitetlər kurikulumu ‘nə bilmək’dən daha çox necə düşünmək prinsipinə əsaslanmalıdır.
Ən böyük dəyişiklik məzmundan çox düşünmə bacarıqlarına fokuslanmaqdır. Tənqidi düşüncə, media savadlılığı, mənbələrin etibarlılığını yoxlamaq, süni intellekt tərəfindən yaradılmış məlumatı şübhə altına almaq və fərqli mövqeləri müqayisə etmək artıq əsas bacarıqlara çevrilməlidir.
Süni intellektlə işləməyi ayrıca bir bacarıq kimi öyrətmək lazımdır. Süni intellekt artıq kalkulyator kimidir – onu qadağan etmək yox, düzgün istifadə etməyi öyrətmək lazımdır. Effektiv prompt yazmaq, alınan cavabları yoxlamaq, düzəltmək və süni intellektdən köməkçi kimi istifadə edib müstəqil nəticə çıxarmaq vacibdir.
Əzbərləməyə əsaslanan imtahanlar da dəyişməlidir. Real həyat problemlərinə əsaslanan layihə yönümlü təhsil daha effektivdir. Tələbə mövzunu sadəcə izah etməməli, həmin bilikdən istifadə edərək qərar verməyi bacarmalıdır. Açıq resurslu imtahanlarda süni intellektdən istifadəyə icazə verilməli, lakin tələbədən nəticəni əsaslandırmaq, mənbələri müqayisə etmək və səhvləri tapmaq tələb olunmalıdır.
Gələcəkdə konkret faktlardan daha çox meta-bacarıqlar – öyrənməyi öyrənmək, adaptasiya, prioritetləşdirmə və fənlərarası yanaşma ön plana çıxacaq. Müəllimin rolu da dəyişməlidir. Müəllim artıq məlumat verən deyil, bələdçi və mentor olmalıdır.
Kurikulumun əsas dəyişimi məlumatı yadda saxlayan insan modelindən ‘məlumatı anlayan, seçən və istifadə edən insan’ modelinə keçid olmalıdır. Məhz bu yanaşma gələcəyin rəqabətqabiliyyətli cəmiyyətini formalaşdıracaq”.
Günel Elxan