10:11
665
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyevin istər rəsmi görüşlər, istərsə də mətbuata birgə bəyanat zamanı ifadə etdiyi ritorika bir daha Azərbaycanın müstəqil xarici siyasət kursunu həyata keçirən azsaylı dövlətlərdən və beynəlxalq hüququn aliliyinin təmin olunması istiqamətində qlobal miqyasda təsir gücünə malik beynəlxalq subyektlərdən biri olduğunu növbəti dəfə nümayiş etdirdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Deputat bildirib ki, məlumdur ki, Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Ukrayna ilə münasibətlər xüsusi yer tutur və ötən dövr ərzində Azərbaycan beynəlxalq hüququn aliliyini rəhbər tutmaqla strateji səviyyəyə yüksəltdiyi bu əlaqələrin daha da inkişafı istiqamətində real qətiyyət ortaya qoyub: “Siyasi səviyyədə möhkəmlənən tərəfdaşlığın yanı sıra, ölkəmiz Ukraynanın iqtisadi sistemində də mühüm mövqeyə malikdir və xüsusən SOCAR-ın bu ölkədə ciddi investisiya qoyuluşları Ukrayna iqtisadiyyatında hərəkətverici qüvvələrdən birinə çevrilib”.
B.Məhərrəmovun sözlərinə görə, eyni zamanda, kifayət qədər mürəkkəb geosiyasi şəraitə baxmayaraq Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edir, həmçinin Rusiya-Ukrayna münaqişəsi zamanı bəşəri dəyərlərin rəhbər tutulmasının vacibliyini dəfələrlə irəli çəkərək bu ölkəyə mütəmadi şəkildə dinc məqsədlər güdən humanitar yardımlar göstərib: “Bu mənada, hazırda qütblərarası ziddiyyətin dərinləşdiyi, ayırıcı xətlərin daha aydın formada göründüyü bir situasiyada Ukrayna Prezidentinin Azərbaycanın vasitəçi rolunda çıxış etməsi barədə təklifi məhz ölkəmizin müstəqil mövqeyinin, hər hansı formada kənar təsiri istisna edən qətiyyətinə olan etimadın nəticəsi kimi qiymətləndirilməlidir”.
Röya İsrafilova