09:21
602
ABŞ və İran nümayəndələri qarşılıqlı zərbələrin dayandırılması və Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını tənzimləmək üçün iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Axios" portalının jurnalisti Barak Ravid məlumat verib.
"Yüksək rütbəli amerikalı məmurun sözlərinə görə, ABŞ və İran bir-birinə zərbələr endirməyi dayandırmaq barədə razılığa gəliblər, çünki hər iki tərəf Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün çərşənbə axşamı Qətərin paytaxtında görüşməyi planlaşdırır", — deyə o qeyd edib.
Ravid ilə həmsöhbət olan şəxslərdən birinin bildirdiyinə görə, tərəflər ilkin olaraq çərşənbə axşamı İsveçrədə məsləhətləşmələr keçirməyi və orada İslam Respublikasının nüvə proqramını müzakirə etməyi planlaşdırırdılar. Lakin son günlər baş verən gərginlik səbəbindən ABŞ və İran danışıqların məkanını və əsas mövzusunu dəyişmək qərarına gəliblər.
Amerikalı mənbə əlavə edib ki, məsləhətləşmələrdə ABŞ tərəfindən texniki qrupun rəhbəri Nik Stüart iştirak edəcək.
Məryəm Quliyeva