ABŞ-ın Bəhreyndəki hərbi bazasının bərpası 400 milyon dollara başa gələ bilər Gündəm

ABŞ-ın Bəhreyndəki hərbi bazasının bərpası 400 milyon dollara başa gələ bilər

ABŞ Bəhreyndəki Amerika Hərbi Dəniz Qüvvələri (HDQ) bazasının infrastrukturunun bərpasına təxminən 400 milyon dollar xərcləməli olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qiymətləndirməni "The Wall Street Journal" (WSJ) qəzeti Pentaqonun açıq məlumatlarına əsasən dərc edib.

Nəşrin qeyd etdiyinə görə, baza 2026-cı il fevralın sonundan iyun ayına qədər İranın endirdiyi zərbələr nəticəsində ciddi ziyan çəkib. 10-dan çox tikili, həmçinin 2 peyk rabitəsi terminalı zədələnib. ABŞ personalın böyük hissəsini təxliyə edərək bazada kiçik bir komanda saxlayıb. Qəzetin mənbələrinin bildirdiyinə görə, Vaşinqton Bəhreyndəki bazanı modernləşdirmək istəyir. WSJ-nin həmsöhbətləri hücuma məruz qalmış obyektlərin bərpasından imtina edilə biləcəyini də istisna etməyiblər. WSJ-nin hesablamalarına görə, bazanın gücləndirilməsi və dağıntıların təmizlənməsi xərcləri nəzərə alınmadan, dağılmış tikililərin bənzəri olan yeni binaların inşası 400 milyon dollara başa gələ bilər.

Qeyd olunur ki, Bəhreyndəki baza İranın indiki dron və raket arsenalı formalaşmazdan çox əvvəl tikilib. ABŞ-ın Yaxın Şərqdəki əməliyyatı bu obyektin zəif və müdafiəsiz mövqedə olduğunu üzə çıxarıb.

Məryəm Quliyeva