
“İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videobağlantı formatında çıxışı həcm etibarı ilə qısa, səsinin tonu-danışıq üslubu baxımından yumşaq olsa da, deyilən fikirlər məzmunca sərt diplomatik, mənasına görə isə çox dərindir. Çıxışında ölkə rəhbərimiz ədalət hissini itirmiş bəzi siyasi və dövlət xadimlərinə, beynəlxalq təşkilatlara bir neçə ibrət dərsi verdi və doğru yolu göstərdi. Alına biləcək birinci ibrət dərsi və göstərilən doğru yol Azərbaycan dövlətinin beynəlxalq məsələlərə, o cümlədən konkret halda bu tipli toplantıların keçirilməsinə tarazlı və ədalətli yanaşmasıdır. Məlum olduğu kimi, istənilən ikitərəfli, regional və beynəlxalq məsələyə ədalətli və tarazlı münasibət bəsləməyən dövlət və dövlət rəhbəri nüfuz qazana bilmir, ona etibar etmirlər. Avropa İttifaqının rəhbərləri Azərbaycan dövlət başçısından toplantının İrəvanda keçirilməsinə münasibətini soruşduqda razılığını bildirmiş, demişdi ki, növbəti Zirvə görüşlərindən biri də Azərbaycanda keçirilsin. “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşündə görə biləcəyik. Bu məsələlərdə Azərbaycanın Ermənistanı, Ermənistanın da Azərbaycanı dəstəkləməsi müsbət olub, işlərin yaxşı getdiyini göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Musa Qasımlı söyləyib.
M.Qasımlı vurğulayıb ki, alına biləcək ikinci ibrət dərsi və doğru yol Azərbaycanın 1990-cı illərin əvvəllərindən etibarən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, indiyədək Ermənistana Azərbaycan ərazisi vasitəsi ilə 28 min ton yük çatdırılması, ilk dəfə olaraq Azərbaycanın neft məhsullarını – benzin və dizelini Ermənistana göndərməsidir: “Düşmənçilik, qisasçılıq hissləri ilə alışıb-yananlara səhv yolda olduqlarını başa salan, ən yaxşı yolun əməkdaşlıq olduğunu göstərən Azərbaycanın bu davranışları alınası ibrət dərsidir və doğru yoldur. İndiyədək düşmənçilikdən heç kim xeyir görməyib. Ən düzgün yol mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Həm Ermənistan, həm də Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Dövlət başçımızın Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirməsi, ədalətli mövqeyini yüksək qiymətləndirməsi, eyni zamanda, bu prosesə mane olanlara xəbərdarlıqdır, uğursuzluğa düçar olacaqlarından xəbər verir və doğru yola çağırışdır”.
Onun sözlərinə görə, alına biləcək üçüncü ibrət dərsi və doğru yol Azərbaycan və Ermənistan arasında sülh məsələsində Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının mövqeyinin konkret faktlarla ifşa edilməsidir: “Parlament üzvlərinin Azərbaycanı hədəf almasının başlıca səbəbi həll edə bilmədikləri qitə problemlərindən ictimaiyyətin diqqətini yayındırmaq və özünə zahiri nüfuz vermək cəhdidir. Cənab Prezidentimizin dediyi kimi, Avropa Parlamenti böhtan və yalan yayaraq Azərbaycanı hədəfə almaqdansa, qitəni bürüyən ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik və evsiz insanların problemlərini həll etməklə məşğul olmalıdır. Bu, o deməkdir ki, gedin, öz işlərinizlə məşğul olun, sizə aid olmayan işlərə burnunuzu soxmayın. İnsanlar münaqişə, müharibə və günahsız ölümlər istəməzlər. Bu parlament təşkilatlarının üzvlərinin sülhün əleyhinə olmaları və düşmənçiliyi alovlandırmaq cəhdləri seçicilərinin mövqeyidirmi? Şübhəsiz ki, xeyr! İstehsal etdiyi yalan və böhtanlarla qitəni zibilləyən quruma çevrilmiş Avropa Parlamentinin bəlli üzvlərini seçicilərinin yaxın gələcəkdə tarixin arxivinə göndərəcəklərinə ümid etmək olar”.
M.Qasımlı sonda diqqətə çatdırıb ki, nəhayət, dövlət başçımızın çıxışından alınacaq ibrət dərslərindən daha biri və göstərdiyi doğru yol Azərbaycan və Ermənistan arasında sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycanın sülh gündəliyinə sadiq qalması və Ermənistan rəhbərinin şərhləridir: “Bu tarixi çıxışdan ibrət dərsi almaq lazımdır. Yaxşı dərsi almaq, öyrənmək və doğru yola qayıtmaq isə heç bir zaman gec deyil”.
Röya İsrafilova