“Ermənistan Rusiyadan Fransaya yönəlir” Gündəm

“Ermənistan Rusiyadan Fransaya yönəlir”

“Ermənistanın tarix boyu böyük güclərin təsiri altında formalaşması bu ölkənin real müstəqil siyasət yürütməsini sual altına qoyur”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

Deputatın sözlərinə görə, Ermənistan müxtəlif dövrlərdə böyük dövlətlərin geosiyasi maraqları naminə istifadə olunub:
“Tarixə nəzər saldıqda görürük ki, ermənilər həm Osmanlı imperiyasının parçalanması prosesində, həm də sonrakı mərhələlərdə böyük güclərin alətinə çevriliblər. Xüsusilə Sovet dövründə və müstəqillikdən sonra Ermənistanın siyasi, iqtisadi və hərbi sistemi əsasən Rusiyanın nəzarəti altında fəaliyyət göstərib. Ermənistan formal olaraq müstəqil dövlət olsa da, strateji qərarlarını tam sərbəst şəkildə qəbul edə bilməyib”.

Naqif Həmzəyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik İrəvanı yeni havadar axtarışına çıxardı:

“Rusiya Ermənistanı əvvəlki kimi müdafiə edə bilmədi və ya etmək istəmədi. Bu isə Ermənistanın Fransa ilə münasibətlərini sürətlə yaxınlaşdırdı. Xüsusilə 2022-ci ildən sonra Fransa Ermənistana silah tədarükü, hərbi təlimlər və müdafiə sahəsində ciddi dəstək göstərməyə başladı. Bu gün Ermənistan faktiki olaraq Fransanın hərbi-siyasi orbitinə daxil olur”.

Deputat qeyd edib ki, Fransanın regionda fəallaşması təsadüfi deyil:

“Fransanın Cənubi Qafqazda nə tarixi mövcudluğu, nə coğrafi yaxınlığı, nə də ciddi iqtisadi maraqları var. Buna baxmayaraq, Parisin regionda aktivləşməsi Ermənistan üzərindən geosiyasi təsir imkanları qazanmaq məqsədi daşıyır. Fransa Ermənistanı öz regional nüfuz alətinə çevirməyə çalışır. Bu yanaşma müasir dövrün neokolonial siyasət modelinə uyğun gəlir.
Kiçik dövlətlərin böyük güclərdən asılı vəziyyətə salınması yeni dövrün neokolonial siyasətidir. Ermənistan uzun illər Rusiyanın təsiri altında olub, indi isə eyni asılılığın Fransa istiqamətində formalaşdığını görürük. Ermənistan havadar dəyişsə də, mahiyyət dəyişmir”.

Günel Elxan