“Müxalifətin tələbləri reallıqdan uzaqdır” Gündəm

“Müxalifətin tələbləri reallıqdan uzaqdır”

“Ermənistanda keçirilən seçkilərdən sonra müxalifətin nəticələri şübhə altına alması və müxtəlif siyasi addımlar atması gözlənilən idi”.

Bu fikirləri politoloq Oqtay Qasımov “Xalqcebhesi.az”a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Rusiyaya bağlı müxalifət qüvvələri seçkilərin nəticələrini qəbul etməmək istiqamətində mövqe nümayiş etdirirlər, lakin özləri də bundan sonra hansı addımları atacaqları ilə bağlı qərar verməkdə çətinlik çəkirlər: “Hazırda müxalifətin irəli sürdüyü tələblər kifayət qədər radikal və maksimalist xarakter daşıyır. Bu tələblərin qəbul olunması real görünmür. Bir neçə gün əvvəl Samvel Karapetyan ya seçkilərin nəticələrinin ləğv edilərək ikinci turun keçirilməsini, ya da ümumiyyətlə yeni seçki təşkil olunmasını tələb etdi. Təbii ki, Paşinyan hakimiyyəti belə bir addıma getməyəcək.
Ermənistanın Mərkəzi Seçki Komissiyası artıq yekun nəticələri açıqlayıb, seçkilərin nəticələri beynəlxalq səviyyədə qəbul olunmağa başlayıb və Baş nazir Nikol Paşinyan müxtəlif ölkələrdən təbriklər alıb”.

Politoloqun fikrincə, hakimiyyət nümayəndələrinin müxalifətə çağırışları Paşinyan komandasının öz mövqeyinə inamının göstəricisidir:
“Ermənistanda siyasi gərginlik müəyyən müddət davam edə bilər. Lakin Paşinyan hakimiyyəti ilə Rusiya arasında müəyyən anlaşma yaranacağı təqdirdə, Moskvanın dəstəklədiyi qüvvələrin davranışları da dəyişə bilər. Müxalifət bu prosesi nə qədər uzatsa da, ciddi siyasi nəticələr əldə etməsi real görünmür”.

Paşinyan hakimiyyəti hələ də kifayət qədər möhkəm mövqeyə malikdir:
“Müxalifət əvvəlki seçkilərlə müqayisədə daha çox səs toplasa da, bu, onların yaxın perspektivdə Ermənistanda siyasi böhran yaradacaq gücə sahib olması demək deyil”.

Günel Elxan