“Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm simvollarındandır” Siyasət

“Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm simvollarındandır”

“26 İyun Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizlik siyasətinin ən mühüm simvollarından biridir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.

A.Nəsirov qeyd edib ki, son illərdə Ordunun peşəkarlığının artırılması, müasir silah və texnologiyalarla təchiz olunması, hərbi idarəetmə sisteminin təkmilləşdirilməsi Azərbaycanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib: “Xüsusilə Vətən müharibəsindən sonra əldə olunan təcrübə əsasında aparılan islahatlar göstərir ki, ölkə yalnız mövcud təhlükələrə cavab verməklə kifayətlənmir, eyni zamanda, gələcək risklərə qarşı da hazırlıq səviyyəsini yüksəldir”.

Onun fikirlərinə görə, bugünkü geosiyasi şəraitdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması güclü müdafiə potensialı ilə birbaşa əlaqəlidir: “Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və yeni texnologiyaların tətbiqi ölkənin strateji çəkisini artıran əsas amillərdəndir. Buna görə də Silahlı Qüvvələr Günü yalnız peşə bayramı deyil, həm də dövlətin təhlükəsizlik siyasətinin, milli birliyin və suverenliyin qorunmasının vacibliyini xatırladan əlamətdar bir gündür”.

Röya İsrafilova