İsrail-HƏMAS xəttində gərginlik: HƏMAS yeni müharibəyə hazırlaşır? Gündəm

İsrail-HƏMAS xəttində gərginlik: HƏMAS yeni müharibəyə hazırlaşır?

Son günlər HƏMAS-ın yeni müharibəyə hazırlaşdığı barədə məlumatlar gündəmdədir. Hətta qeyd edilir ki, İsrail kəşfiyyatı və Cənub Komandanlığının yüksək vəzifəli rəsmiləri HƏMAS-ın yeni müharibəyə hazırlaşması barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirə xəbərdarlıq ediblər.
İddialar nə dərəcədə realdır və treal mənzərə hansı perspektivlər vəd edir?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva “Xalq Cəbhəsi”nə bildirib ki, HƏMAS-ın yeni müharibəyə hazırlaşması ilə bağlı iddiaları tamamilə əsassız hesab etmək düzgün olmaz: “İsrail mediasında yayılan məlumatlara görə, hərbi kəşfiyyat və Cənub Komandanlığı HƏMAS-ın hərbi qanadının yenidən təşkilatlanmağa, silah ehtiyatlarını bərpa etməyə və mümkün qarşıdurmaya hazırlaşdığı barədə Baş Qərargah rəisi Eyal Zamirə xəbərdarlıq edib. Bu cür məlumatlar, adətən, təhlükəsizlik qurumlarının daxili risk qiymətləndirmələrinin bir hissəsi olur və onların məqsədi potensial təhlükələrə qarşı qabaqlayıcı hazırlıq görməkdir. Buna görə də bu xəbərlər avtomatik olaraq yaxın günlərdə genişmiqyaslı müharibənin başlayacağı anlamına gəlmir. Daha çox İsrailin təhlükəsizlik planlamasında nəzərə aldığı mümkün ssenarilərdən biri kimi qiymətləndirilməlidir”.
“HƏMAS tamamilə sıradan çıxarılmayıb”
Z.Qarayevanın sözlərinə görə, reallıq ondan ibarətdir ki, HƏMAS son iki ilə yaxın davam edən hərbi əməliyyatlar nəticəsində ciddi insan resursu, silah anbarları və komanda-idarəetmə baxımından böyük itkilər verib: “İsrail ordusunun hava zərbələri və quru əməliyyatları nəticəsində təşkilatın bir sıra yüksək səviyyəli komandirləri zərərsizləşdirilib, tunel şəbəkəsinin əhəmiyyətli hissəsi dağıdılıb və logistika imkanları zəiflədilib. Bununla belə, HƏMAS tamamilə sıradan çıxarılmayıb. Təşkilatın Qəzzada yeraltı tunel infrastrukturu, kiçik mobil döyüş qrupları, gizli silah anbarları və yerli dəstək şəbəkəsi müəyyən səviyyədə fəaliyyətini davam etdirir. Bu isə onun məhdud miqyaslı silahlı fəaliyyət imkanlarını qoruyub saxladığını göstərir. İsrailin əsas narahatlığı da məhz budur. Hazırkı mərhələdə təhlükə HƏMAS-ın klassik hərbi qüvvə kimi böyük hücum əməliyyatı keçirməsindən daha çox, partizan taktikalarına, pusqulara, tunel müharibəsinə, snayper hücumlarına, raket və minaatan atəşlərinə, həmçinin girov məsələsindən taktiki vasitə kimi istifadəyə üstünlük verməsidir. Belə aşağı intensivlikli hücumlar həm İsrail ordusunun Qəzzadakı mövqelərinə təzyiq yarada, həm də münaqişənin uzun müddət davam etməsinə səbəb ola bilər. Bu tip fəaliyyətlər təşkilatın tam məğlub edilmədiyi barədə siyasi mesaj vermək baxımından da HƏMAS üçün əhəmiyyət daşıyır”.
Real ssenari
Politoloq həmçinin diqqətə çatdırıb ki, digər mühüm məqam regional vəziyyətdir: “Son aylarda İran-İsrail qarşıdurmasının yeni mərhələyə keçməsi, Hizbullah ilə İsrail arasında gərginliyin tam aradan qalxmaması, eləcə də Qəzzada humanitar vəziyyətin ağırlaşması HƏMAS üçün yeni tərəfdar toplamaq və müqavimət ritorikasını gücləndirmək baxımından müəyyən imkanlar yarada bilər. Bununla yanaşı, təşkilatın əvvəlki maliyyə və silah təminatı kanallarının əhəmiyyətli hissəsi ciddi nəzarət altındadır. Bu səbəbdən onun qısa müddətdə 2023-cü il 7 oktyabr hücumuna bənzər genişmiqyaslı və koordinasiyalı əməliyyat həyata keçirməsi əvvəlki dövrlə müqayisədə daha çətin görünür. Bütün bunların fonunda ən real ssenari tammiqyaslı müharibənin dərhal yenidən başlaması deyil, lokal toqquşmaların tədricən intensivləşərək nəzarətdən çıxmasıdır. Tarix göstərir ki, Qəzza zolağında kiçik miqyaslı silahlı insidentlər, raket atəşləri və ya sərhəd əməliyyatları qısa müddətdə geniş hərbi eskalasiyaya çevrilə bilir. Buna görə də İsrail kəşfiyyatının xəbərdarlıqları yalnız cari təhlükəsizlik vəziyyətinin deyil, həm də gələcək risklərin qiymətləndirilməsi kimi qəbul edilməlidir. Hazırkı şəraitdə ən böyük təhlükə ani genişmiqyaslı hücumdan daha çox, aşağı intensivlikli qarşıdurmaların mərhələli şəkildə regionu yenidən böyük müharibə mühitinə sürükləməsi ehtimalıdır”.
“...real görünür”
Siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, məlumat olduqca ciddi bir mənbə tərəfindən verilsə də, bu, HƏMAS-ın yaxın günlərdə və ya həftələrdə mütləq genişmiqyaslı hücuma başlayacağı anlamına gəlmir: “Bu, sadəcə bir hazırlıq ola bilər. HƏMAS bölgədə İsrail qüvvələrinə qarşı yaradılmış daimi bir təşkilatdır. Bu təşkilat bir müddət hərbi cəhətdən zəiflədilsə də öz potensialını artırmaq istiqamətində daim güc toplamaq əzmindədir. Hazırkı şəraitdə HƏMAS-ın hazırlıq fəaliyyəti kifayət qədər real görünür”.
E.Ənvəroğlunun fikirlərinə görə, İsrailin uzunmüddətli əməliyyatlarına baxmayaraq təşkilat tamamilə sıradan çıxarılmayıb və imkan düşdükcə qüvvələrini yenidən təşkil etməyə çalışması gözlənilən davranışdır: “Amma HƏMAS-ın yaxın perspektivdə 2023-cü il 7 oktyabr hücumuna bənzər genişmiqyaslı əməliyyat keçirməsi mənim fikrimcə daha az real görünür. Çünki səbəblər bəllidir və bunlardan biri budur ki, İsrail ordusu Qəzza ətrafında kəşfiyyat və müşahidə imkanlarını ciddi şəkildə gücləndirib. Digəri az öncə dediyim kimi HƏMAS-ın ciddi canlı qüvvə və komanda heyəti itkisi verməsidir. Hətta ehtimallara görə təşkilatın silah və sursat ehtiyatları əvvəlki səviyyədə deyil. Digər bir səbəb də Qəzzadakı humanitar vəziyyət və dağıntılardır ki, bu da təşkilatın hərəkət imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, İsrail təhlükəsizlik qurumları üçün belə xəbərdarlıqların xüsusi əhəmiyyəti var. Yəni məsələyə daha ciddi yanaşmaq və bütün mümkün ehtimalları dərindən qiymətləndirmək. İngilislərdə bir misal var (Never take for granted). Əgər rəqibini kiçik görərsənsə, o zaman böyük problemlərə hazır olmalısan”.
Böyükhəcmli müharibə?
Siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib ki, son zamanlarda İsrail tərəfindən Livanda və Hizbullaha qarşı həyata keçirilən əməliyyatlar, eyni zamanda, İranla müharibə HƏMAS məsələsini bir qədər arxa plana atmışdı: “HƏMAS, ümumiyyətlə, Qəzzada elə bir infrastruktur qurub ki, tez bir zamanda özünü toparlayaraq yeni müharibələrə başlaya bilər. Bu, tez-tez İsrailin daxilinə sızmaq və orada müəyyən aktlar həyata keçirmək şəklində ola bilər. Ancaq bu, çox da inandırıcı deyil ki, HƏMAS böyükhəcmli müharibəyə başlasın. Çünki onun imkanları yoxdur. HƏMAS-ın komando heyəti İsrail tərəfindən demək olar ki, tamamilə sıradan çıxarılıb. Xüsusilə də təşkilatı bir arada tutan ən böyük şəxslərdən biri olan İsmayıl Haniyənin öldürülməsi HƏMAS-a çox ciddi şəkildə zərbə oldu”.
Bundan sonrakı müharibə...
Siyasi şərhçi deyib ki, təşkilatın digər liderlərindən olan Xalid Məşəlin də mühacirətdə olması, faktiki şəkildə Qəzzadakı HƏMAS-ın liderliyinin məhv edilməsi çox ciddi şəkildə problemlərin meydana çıxmasına gətirib çıxarır: “Düşünmürəm ki, HƏMAS hansısa böyük hücumla Qəzzada əməliyyatlar həyata keçirməyə hazırlaşsın və İsrailə qarşı əməliyyatlar həyata keçirsin. Bundan sonrakı müharibə ancaq partizan müharibəsi şəklində ola bilər. HƏMAS gücünü, qüvvəsini toplayaraq İsrailə qarşı müəyyən qədər müqavimət təşkil edə bilər. Çünki İsrailin Qəzzada əməliyyat keçirmək planının olması barədə məlumatlar var. Artıq İsrail Livanda Hizbullahın mümkün mövqelərini sıradan çıxarmaqla məşğuldur. Bundan sonra artıq Qəzzada özü üçün olan problemli məsələləri həll etmək üçün aktiv şəkildə Qəzzaya hücuma başlaya bilər. Buna görə də ehtimal ki, HƏMAS komandanlığı özünü toparlayaraq İsrail hücum etdikdə İsrailə qarşı müharibəyə başlamaq üçün indidən hazırlıqlar görə bilər”.

Röya İsrafilova