
“Qəzəb, coşqu, sərt hədələr, nikbin bəyanatlarla dolu iyulun 8-də Ankarada keçirilən NATO sammiti bir çox xüsusi məqamlarla yadda qaldı. Ən çox da müttəfiqlərin də əvvəlcədən ehtiyat etdiyi kimi, əsl mənada ABŞ Prezidenti Donald Trampa xas siyasi nümayişə çevrildi. Tramp İspaniyanı tənqid edərkən, Qrenlandiya ilə bağlı ambisiyalarını da bir daha dilə gətirdi. Trampın mesajlarının üç əsas istiqaməti var idi. Gecə saatlarında İranı “sərt şəkildə vurmaq”, qlobal kommunizmi tənqid etmək, NATO liderlərinin toplandığı zalda “böyük sevgi” və “birliyin” hökm sürdüyü iddiası”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova əlavə edib ki, Ankarada keçirilən NATO sammitinin ən mühüm nəticəsi isə Ukraynaya ayrılan 70 milyard avroluq yeni yardım paketi oldu: “Bu qərar göstərir ki, Qərb Ukraynanın müdafiəsini qısamüddətli deyil, uzunmüddətli strateji prioritet kimi qiymətləndirir. Yardımın 2027-ci ildə də eyni səviyyədə davam etdirilməsi barədə öhdəlik NATO-nun Rusiyaya qarşı çəkindirmə siyasətinin davamlı xarakter daşıdığını nümayiş etdirir. Sammitin digər diqqətçəkən məqamı Donald Trampın ritorikasındakı dəyişiklik idi. Seçki kampaniyası dövründə Ukraynaya dəstəyə skeptik yanaşan Tramp artıq prezident qismində daha praqmatik mövqe nümayiş etdirir. O, bir tərəfdən Rusiya ilə sülh danışıqlarının mümkünlüyündən danışır, digər tərəfdən isə Ukraynanın müdafiə potensialının artırılmasını dəstəkləyir. Bu yanaşma Vaşinqtonun diplomatik həll variantlarını açıq saxlayarkən Kiyevin hərbi imkanlarını zəiflətməmək strategiyasına üstünlük verdiyini göstərir”.
Politoloqun fikirlərinə görə, Tramp öncə sadə yanaşdığı məsələnin, daha mürəkkəb olduğunun indi fərqindədir: “Buna görə də Tramp məsələnin asan olmadığını deyərək Rusiya Prezidenti Vladimir Putini “çətin xarakterli insan” adlandırdı, Ardınca Zelenskiyə işarə edərək “O da çətin xarakterlidir” deyə əlavə etdi. Patriot sistemlərinin Ukraynada lisenziya əsasında istehsalına razılıq verilməsi isə strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu qərar yalnız növbəti silah paketinin ayrılması deyil, həm də Ukraynanın müdafiə sənayesinin lokallaşdırılması istiqamətində mühüm addımdır. Bu, qlobal silah sənayesində dönüş nöqtəsidir. Beləliklə, Kiyev gələcəkdə xarici tədarükdən daha az asılı vəziyyətə düşə və hava hücumundan müdafiə imkanlarını daxili istehsal hesabına gücləndirə bilər. Sammit eyni zamanda NATO daxilində yük bölgüsünün dəyişdiyini də göstərdi. Yardımın böyük hissəsinin Avropa ölkələri və Kanada tərəfindən maliyyələşdirilməsi ABŞ-ın uzun illər irəli sürdüyü tələbin praktik nəticəyə çevrildiyini nümayiş etdirir. Vaşinqton liderliyini qorusa da, Avropa artıq təhlükəsizlik məsuliyyətinin daha böyük hissəsini öz üzərinə götürür”.
O eləcə də diqqətə çatdırıb ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin yenə də gündəmdən kənarda qalması göstərir ki, Alyans hazırkı mərhələdə Rusiyanın daha sərt reaksiyasına səbəb ola biləcək siyasi qərarlardan çəkinir: “NATO Kiyevi hərbi, maliyyə və texnoloji baxımdan maksimum dəstəkləyir, lakin üzvlük məsələsini müharibədən sonrakı mərhələyə saxlayır. Zelenskinin fəal diplomatik səylərinə baxmayaraq, hazırkı mərhələdə Ukraynanın NATO-ya üzvlüyü real görünmür. Əsas məqsəd Ukraynanın döyüş meydanında mövqelərini qoruyub saxlaması üçün hərbi imkanlarının gücləndirilməsidir. Ankara sammiti NATO-nun Ukrayna siyasətində geri çəkilmə kimi deyil, institusional və uzunmüddətli dəstək modelinə keçid kimi dəyərləndirilir. Deməli, Qərb müharibənin qısa müddətdə başa çatacağını gözləmir. Təhlükəsizlik strategiyasını uzunmüddətli geosiyasi rəqabət reallığı üzərində qurur. Tramp administrasiyasının ritorikasındakı dəyişiklik ondan xəbər verir ki, Vaşinqtonun diplomatik həll imkanlarını açıq saxlayır. Bu isə Ukraynanın əsas olaraq müdafiə qabiliyyətinin zəifləməsinə yol vermək niyyətində olmadığını göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilməlidir”.
Röya İsrafilova