“Şuşa Forumu həqiqətləri dünyaya çatdırdı” Gündəm

“Şuşa Forumu həqiqətləri dünyaya çatdırdı”

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm platformaya çevrildi”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, IV Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında aktual məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma kimi işini uğurla başa vurub: “Forum çərçivəsində Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın xarici siyasəti, regional proseslər və qlobal çağırışlarla bağlı mühüm mesajlar verib.
Dövlət başçısı çıxışında dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini, milli maraqlara söykənən xarici siyasət kursunu, regional əməkdaşlıq perspektivlərini və qlobal geosiyasi proseslər fonunda ölkənin artan rolunu geniş şəkildə şərh edib.Prezident İlham Əliyevin diqqət çəkən mesajlarından biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc” statusuna yüksəlməsi ilə bağlı olub.
Bu status ölkənin müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi, güclü iqtisadi və hərbi potensiala malik olması, eləcə də regional və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin məntiqi nəticəsidir. Azərbaycan artıq regional proseslərin gedişinə təsir göstərən vacib tərəfdaşlardan biridir”.

Könül Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın geostrateji mövqeyindən səmərəli istifadə etməsinin yaratdığı üstünlüklərə də xüsusi diqqət çəkib:
“Son illərdə həyata keçirilən iri infrastruktur layihələri, müasir nəqliyyat-logistika sistemi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Azərbaycanın Avrasiyanın əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib. Enerji təhlükəsizliyi də Prezidentin çıxışında mühüm yer tutub.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resurslarına marağın artdığı, hasilatın və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirildiyi vurğulanıb”.

Könül Nurullayeva bildirib ki, Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın vacibliyini önə çəkib: Eyni zamanda, Avropa Komissiyasının bəzi sabiq nümayəndələrinin Azərbaycana qarşı qərəzli yanaşmasının münasibətlərə mənfi təsir göstərdiyini, lakin hazırda daha konstruktiv əməkdaşlıq üçün əlverişli şərait yarandığını diqqətə çatdırıb. Prezident Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycana münasibətdə sərgilədiyi qərəzli yanaşmaya da toxunaraq, ölkəmizə qarşı qəbul edilən bəzi qərarların hüquqi deyil, siyasi xarakter daşıdığını bildirib.
ABŞ ilə münasibətlər barədə də mühüm mesajlar səsləndirilib.
Bakı ilə Vaşinqton arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu, yeni dialoq mühitinin formalaşdığı və strateji tərəfdaşlığın inkişafı istiqamətində yeni imkanların yarandığı qeyd olunub. Eyni zamanda, Azadlığa Dəstək Aktına edilmiş ‘907-ci düzəliş’in ləğvinin zəruriliyi bir daha vurğulanıb.
Prezident İlham Əliyevin çıxışında milli birlik və daxili həmrəylik məsələsi xüsusi yer tutub.
Prezident qeyd edib ki, mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın əsas gücü xalqın birliyi, dövlətlə cəmiyyət arasında mövcud həmrəylik və milli maraqlar ətrafında sıx birləşməsidir. Gənclərin milli-mənəvi dəyərlərə sadiq və yüksək vətənpərvərlik ruhunda formalaşdırılması ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Deputat qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, bəzi qərəzli dairələrin və anti-Azərbaycan qüvvələrinin forumun nüfuzuna xələl gətirmək cəhdləri nəticəsiz qaldı:
“Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilat təmsilçilərinin Şuşaya gələrək forumda iştirakı bu cəhdlərin iflasa uğradığını göstərdi. Xarici qonaqlar Qarabağda formalaşmış yeni reallıqları öz gözləri ilə gördülər, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış oldular və bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə etdilər. Bu isə dezinformasiyanın və qərəzli təbliğatın faktlar qarşısında davamlı ola bilmədiyini bir daha sübut etdi”.

Günel Elxan