"Region yenidən kəskin hərbi-siyasi gərginlik vəziyyətinə düşüb" Gündəm

"Region yenidən kəskin hərbi-siyasi gərginlik vəziyyətinə düşüb"

2026-cı ilin iyununda ABŞ və İran arasında İslamabad Anlaşma Memorandumunun (Islamabad MoU) imzalanmasına baxmayaraq, region yenidən kəskin hərbi-siyasi gərginlik vəziyyətinə düşdü.

Bunu xalqcebhesi.az-a iranşünas Vasili Papava deyib.

"Razılıq əldə olunduqdan cəmi bir neçə həftə sonra birbaşa hərbi zərbələrin yenidən başlaması, Vaşinqtonun qlobal hərbi-texniki imkanları ilə Tehranın genişmiqyaslı regional asimmetrik potensialının daim kövrək bir tarazlıqda mövcud olduğu Yaxın Şərqdə gərginliyin azaldılması mexanizmlərinin qeyri-sabitliyini bir daha təsdiqlədi" - o, qeyd edib.

Onun sözlərinə görə, İran və ABŞ arasındakı qarşıdurma tarixi göstərir ki, taktiki maraqların üst-üstə düşməsinə əsaslanan müvəqqəti razılaşmalar nadir hallarda davamlı siyasi həllərə çevrilir.

Qarşılıqlı etimad, effektiv nəzarət mexanizmləri və böhranların həlli ilə bağlı razılaşdırılmış prosedurlar olmadıqda, hətta ən iddialı diplomatik təşəbbüslər belə tezliklə öz praktiki əhəmiyyətini itirir:

"Bu diplomatik durğunluq regional gərginliyi daha da şiddətləndirir; belə ki, tərəflər uzunmüddətli dialoqa başlamaq əvəzinə, güc tətbiqi yolu ilə öz təsir imkanlarını nümayiş etdirməyə diqqət yetirirlər – bu, ABŞ-ın yüksək texnologiyalı hərbi zərbələr endirməklə bağlı təhdidlərindən tutmuş, İranın bütün regionda sabitliyi pozmaq və strateji dəniz yollarını bağlamaq potensialına qədər geniş bir spektri əhatə edir".

Cavid