“Süni intellekt minatəmizləməni sürətləndirəcək” Cəmiyyət

“Süni intellekt minatəmizləməni sürətləndirəcək”

“Süni intellekt və innovativ texnologiyaların minatəmizləmə prosesində tətbiqi Azərbaycanın bu sahədə imkanlarını daha da genişləndirəcək”.

Bunu hərbi ekspert Üzeyir Cəfərov Xalqcəbhəsi.az-a açıqlamasında deyib.

O bildirib ki, ANAMA-nın süni intellekt və innovativ texnologiyalarla bağlı apardığı araşdırmalar Azərbaycanın minatəmizləmə potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu ilin mart ayında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdə olub. Səfər çərçivəsində təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərlə görüşlər keçirilib. Həmin görüşlərdə partlayıcı sursatların aşkarlanmasında istifadə olunan rentgen cihazlarının sınaqdan keçirilməsi, onların texniki xüsusiyyətlərinin təkmilləşdirilməsi, eləcə də minatəmizləmə prosesində tətbiq olunan innovativ texnologiyalar barədə Çin mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılıb. Çində istehsal olunan müasir avadanlıqların Azərbaycanın şəraitində tətbiqi imkanları da müzakirə olunub. Bu texniki vasitələrin işğaldan azad edilmiş və hələ tam yoxlanılmamış ərazilərdə istifadəyə uyğunluğu qiymətləndirilib. Hazırda həmin ərazilərdə partlayıcı sursatların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir. Uzun illər minalar və partlamamış döyüş sursatları ilə çirklənmiş ərazilərin tam təmizlənməsi kifayət qədər vaxt tələb edir”.

Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır:

“İki ölkə arasında bu istiqamətdə əməkdaşlıq mövcuddur və müvafiq anlaşma memorandumu imzalanıb. Bununla yanaşı, Azərbaycan Balkan ölkələri ilə də minatəmizləmə sahəsində əməkdaşlıq edir. Xarici tərəfdaşlar həm əməliyyatlarda iştirak edir, həm də öz təcrübə və biliklərini Azərbaycan mütəxəssisləri ilə bölüşürlər. Süni intellekt artıq dünyanın bir çox sahələrində olduğu kimi, minatəmizləmə işlərində də mühüm rol oynayır.Çinin təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində böyük təcrübəsi var. ANAMA mütəxəssisləri həmin metodologiyalarla tanış olur, xüsusi hazırlıq keçirlər. Bu əməkdaşlıq həm Agentliyin fəaliyyətinə, həm də ümumilikdə Azərbaycanın minatəmizləmə imkanlarının genişlənməsinə mühüm töhfə verir. İşğaldan azad edilmiş ərazilərin tam minalardan təmizlənməsi uzunmüddətli prosesdir. Bu işin sürətləndirilməsi üçün həm süni intellekt, həm də ən müasir texnologiyalar tətbiq edilir. Əlbəttə, relyef və digər texniki amillər prosesi çətinləşdirə bilər. Bununla belə, hesab edirəm ki, müasir texnologiyaların və süni intellekt həllərinin tətbiqi yaxın illərdə Azərbaycanın minatəmizləmə sahəsində daha böyük nəticələr əldə etməsinə imkan verəcək”.

Günel Elxan