09:07
728
“”Əkinçi” təkcə qəzet deyildi, o, həm də milli maarifçilik hərəkatının başlanğıcı idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra media sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatçısı, Bakivaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlu söyləyib.
O əlavə edib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə mətbuatında söz və mətbuat azadlığının təmini istiqamətində fundamental addımlar atılır: “Mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırıldı, Azərbaycan Konstitusiyasında söz və məlumat azadlığı təsbit edildi, 1998-ci ildə senzuranın ləğvi ilə bağlı tarixi qərar qəbul olundu. Bu addımlar milli medianın müstəqil və peşəkar inkişafına hüquqi zəmin formalaşdırdı”.
Q.İbrahimoğlu vurğulayıb ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir: “Bu gün mediamız qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Artıq 4 ildir ənənə halını alan Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin, ekspertlərin və siyasətçilərin bir araya gəldiyi nüfuzlu platformaya çevrilib. Bu forum dezinformasiyaya qarşı mübarizə, media dayanıqlılığı və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsində mühüm rol oynayır”.
Baş redaktor həmçinin bildirib ki, informasiyanın sürətlə yayılması mediada da məsuliyyət hissini artırır: “Artıq xəbərin yayılması saatlar, dəqiqələrdə deyil, saniyələr içində baş verir. Oxucu xəbərin sürətindən daha çox onun doğruluğuna diqqət yetirir, önəm verir. Bu səbəbdən də peşəkar jurnalistika prinsiplərinin qorunması, faktların dəqiq yoxlanılması və etik normalara əməl olunması gələcək inkişafın əsas şərtlərindən biridir. Azərbaycan var olduqca, mətbuatımız yaşadıqca bu, belə də olacaq, mediamız bundan sonra da Azərbaycanın inkişafına mühüm töhfələr verməyə davam edəcək”.
Röya İsrafilova