
“Azərbaycanla Tacikistan arasında münasibətlərin tarixi uzun illərə, xalqlar arasında formalaşmış tarixi və mədəni bağlara söykənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Tacikistan ilk diplomatik münasibətlər qurulan ölkələr sırasında yer alıb. 1992-ci ildən etibarən iki dövlət arasında əlaqələr ardıcıl şəkildə inkişaf edib və ötən müddət ərzində siyasi dialoq, qarşılıqlı səfərlər və diplomatik təmaslar baxımından yaxın münasibətlər qorunub saxlanılıb. Hazırda da Azərbaycan-Tacikistan əlaqələrində müsbət dinamika müşahidə olunur. Diplomatik təmasların intensivləşməsi iki ölkənin münasibətlərə verdiyi önəmi göstərir. Son günlərdə Tacikistanın Azərbaycana yeni səfir təyin etməsi də bu əlaqələrin davamlı xarakter daşıdığını göstərən məqamlardan biridir”.
Bu sözləri xalqcebhesi.az-a Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
O, son illərdə dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb: “Prezident İlham Əliyevin 2023-cü ildə Tacikistana səfərindən bir il sonra Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri reallaşıb. Həmin səfərlər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsinə imkan yaradıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi xüsusi önəm fonunda Tacikistanla münasibətlər də ayrıca əhəmiyyət daşıyır. Bakı bu regionla siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin genişləndirilməsində maraqlıdır. Tacikistan da öz növbəsində Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirir. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması isə münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm addımlardan biridir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadi, nəqliyyat, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır”.
C.Abbaslının fikirlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyət də bu kontekstdə xüsusi qeyd olunmalıdır: “Tacikistan təşkilatın üzvü olmasa da (müşahidəçi qismində çıxış edir) Azərbaycanla Düşənbə arasında mövcud siyasi və iqtisadi əlaqələrin inkişafı regionlararası əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir. Bütün bunlar göstərir ki, Azərbaycan-Tacikistan münasibətləri yalnız ikitərəfli siyasi əlaqələrlə məhdudlaşmır. Bakı və Düşənbənin qarşılıqlı maraqları, yüksək səviyyəli səfərlərin intensivliyi və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın qarşıdakı dövrdə də genişlənəcəyini göstərən əsas amillərdəndir”.
Röya İsrafilova