“Azərbaycan prosesin drayveri kimi istiqamətləri əlində möhkəm saxlayır” Gündəm

“Azərbaycan prosesin drayveri kimi istiqamətləri əlində möhkəm saxlayır”

“22–28 sentyabr tarixləri arasında BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi keçirilir. Sessiyanın əsas şüarı “Etimadın bərpası, transformasiyanın idarə olunması və hamı üçün nəticə verən BMT”dir. Şübhəsiz ki, məhz bu şüar altında keçirilən sessiya çərçivəsində reallaşan bütün görüşlər də bu xətt əsas tutulmaqla baş tutur. Bu baxımdan Azərbaycan xarici işlər naziri cənab Ceyhun Bayramovun intensiv iş qrafiki də Azərbaycanın milli maraqlarına xidmət istiqamətində qurulub. Çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən diplomatiya Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc” səviyyəsinə qədər yüksəlməsinə gətirib çıxartdı. Cənab nazir Azərbaycan-Ermənistan sülh prosesinin praktiki nəticəyə çevrilməsi, nəqliyyat və ticarət bağlantılarının açılması istiqamətində görüşlər keçirdi. Eyni zamanda, görüşlərdə ABŞ və Qərblə münasibətlər də əsas istiqamətlərdən biri olub. Bu yöndə strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və enerji amilləri diqqətdə saxlanıldı”.

Bu sözləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Ş.Həsənova qeyd edib ki, regional aktorlarla münasibətlər zamanı isə, şübhəsiz ki, İranla mehriban qonşuluq və dialoq, habelə Moldova və Serbiya ilə strateji tərəfdaşlıq əsas xətlərdən birini təşkil edib: “Türk və müsəlman dünyası bu gün Azərbaycan xarici siyasətində mühüm istiqamətlərdən birini tutur. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı, Fələstin məsələsi, islamofobiyaya qarşı əməkdaşlıq və 2027-ci il İƏT Sammitinə hazırlıq siyasi gündəlikdə duran prioritetlərdəndir. Qlobal Cənub və çoxtərəflilik də Azərbaycan xarici siyasətində xüsusi yer tutur. Afrika və digər dövlətlərlə siyasi əlaqələrin, əməkdaşlığın genişləndirilməsi, həmçinin BMT və Qoşulmama Hərəkatı çərçivəsində koordinasiyalı fəaliyyət Azərbaycanın diqqət yetirdiyi xüsusi məqamlardandır. Sülh, regional bağlantılar, nəqliyyat və enerji, iqtisadi inteqrasiya, beynəlxalq hüquq və çoxtərəfli əməkdaşlıq yəni, bütöv kontekstdə ümumiləşdirdiyimiz zaman cənab Ceyhun Bayramovun BMT çərçivəsində keçirdiyi görüşlərin əsas xəttini məhz bunlar təşkil edir. Bütövlükdə isə Azərbaycan münaqişələrin həllində beynəlxalq hüququn və BMT mexanizmlərinin əsas götürülməsini müdafiə edən aktordur”.

Politoloq diqqətə çatdırıb ki, beynəlxalq təhlükəsizlik məsələsində Azərbaycanın rolu da vurğulanmalıdır: “Çünki Albaniya ilə görüşdə Bayramov Azərbaycanın enerji və nəqliyyat layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusilə qeyd edib. Həmçinin regional reallıqlar və Ermənistanla sülh səyləri barədə beynəlxalq ictimaiyyətə məlumat verilməsi Azərbaycanın açıq siyasət yürütməsindən xəbər verir. Buna görə də Azərbaycan sadəcə özünü enerji ixracatçısı kimi təqdim etmir, həm də Avropa ilə Asiya arasında enerji və nəqliyyat bağlantılarının mühüm iştirakçısı kimi çıxış edir. Yəni Cənubi Qafqazda sülh və sabitlik yeni nəqliyyat, enerji və ticarət bağlantılarının yaradılması üçün əsas şərtdir. Regional bağlantılar dediyimiz zaman isə TRIPP dəhlizi böyük layihə kimi diqqət mərkəzində dayanır. Bu baxımdan cənab Bayramovun görüşlərində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm halqası kimi mövqeyi bir daha vurğulanıb”.

“Təbii ki, diqqətlər Azərbaycan-Ermənistan sülh prosesinə yönəlmişdi. 24 sentyabrda Ararat Mirzoyanla keçirilən görüşdə əsas fokus sülh prosesinin praktiki nəticələrinə yönəldi. İki aktor 2025-ci il Vaşinqton Sülh Sammitindən sonra əldə edilən irəliləyişi müzakirə etdilər. Burada xüsusi olaraq üzərində dayanılan məsələlərdən biri iqtisadi və nəqliyyat infrastrukturlarının açılması idi. Çünki məhz bu amil regiona sülh, qarşılıqlıq və ən əsası etimad gətirəcək. Ona görə də ticarət və tranzit əlaqələrinin inkişaf etdirilməsi də önə çəkilən məsələlər sırasında yer alırdı” - deyə o söyləyib.

Ş.Həsənova həmçinin deyib ki, birbaşa dialoqun davam etdirilməsi barədə razılığın əldə olunması onu göstərir ki, Azərbaycan prosesləri mümkün qədər konstruktiv və praktiki müstəvidə saxlamaqda maraqlıdır: “Sülh prosesinə gəldiyimiz zaman, təbii ki, bu, hamar olmayan, son dərəcə mürəkkəb kombinasiyalarla dolu bir məsələdir. Çünki burada prosesdə iştirak edən tərəflərlə yanaşı, prosesi çətinləşdirmək istəyən qüvvələr də var. Bunu sadəcə Azərbaycan-Ermənistan sülh prosesi kimi dəyərləndirmək məsələni düzgün anlamağa mane olar. Biz bunu nə qədər sadə şəkildə həll etməyə çalışsaq da, təbii ki, son dərəcə mürəkkəb bir prosesdir. Bu mürəkkəbliyi daha da kompleks hala gətirmək istəyən aktorlar var və bu istiqamətdə Ermənistan-Rusiya, həmçinin Qərb-Ermənistan münasibətləri arasında gəl-get də prosesə öz təsirini göstərir. Lakin əsas məsələ ondan ibarətdir ki, Azərbaycan prosesin drayveri kimi istiqamətləri əlində möhkəm saxlayır. Bu baxımdan belə təmasların baş tutması praktiki nəticələrin əldə edilə biləcəyinə dair mühüm mesajlar verir”.

Röya İsrafilova