Özbəkistan Avropaya “yaşıl enerji”nin çatdırılması ilə bağlı Azərbaycanla birgə layihəni müzakirə edir İqtisadiyyat

Özbəkistan Avropaya “yaşıl enerji”nin çatdırılması ilə bağlı Azərbaycanla birgə layihəni müzakirə edir

Orta Dəhliz Özbəkistan üçün ən cəlbedici nəqliyyat marşrutlarından biridir.

APA xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çərçivəsində təşkil olunan “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” adlı panel müzakirəsində deyib.

Nazir bildirib ki, müharibə və onun yaratdığı çətinliklər Özbəkistanın Avropaya yük daşımalarının müddətinin əhəmiyyətli dərəcədə uzanmasına səbəb olub.

“Bu gün münaqişələr səbəbindən bu müddət iki dəfə artıb. Özbəkistandan Avropaya mallarımızı çatdırmaq üçün ən azı 20 gün vaxt tələb olunur. Bu, həll etməli olduğumuz çox böyük məsələdir”, – deyə Laziz Kudratov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Özbəkistan tərəfdaşları ilə ilk növbədə nəqliyyat və logistika məsələləri üzərində işləyir və yükdaşımaların həyata keçirildiyi marşrutları şaxələndirir.

“Biz nəqliyyat dəhlizlərimizi şaxələndiririk. Bizim üçün ən cəlbedici istiqamətlərdən biri Orta Dəhlizdir”, – nazir vurğulayıb.

Laziz Kudratov qeyd edib ki, son iki-üç il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcmi iki dəfə artıb və bu istiqamətdə artım davam edir.

“Bu il də təxminən 30 faizlik müsbət artım görürük. Hazırda yükdaşımaların həyata keçirilməsi üçün yeni imkanların və potensialın yaradılması üzərində işləyirik”, – deyə o bildirib.

Nazir Azərbaycanın Orta Dəhlizin inkişafında rolunu da xüsusi qeyd edib. Onun sözlərinə görə, Özbəkistan bu istiqamətdə Azərbaycanla əməkdaşlığı genişləndirmək, yeni investisiyalar yatırmaq və əlavə imkanlar yaratmaq niyyətindədir.

Laziz Kudratov həmçinin region daxilində ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinin Özbəkistan üçün əsas prioritetlərdən biri olduğunu deyib.

“Biz region daxilində daha geniş və daha güclü ticarət-iqtisadi əlaqələrin inkişafına prioritet diqqət yetiririk. Artıq Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarətin həcmi 13 milyard dollara çatıb. Qarşıya 2030-cu ilədək region daxilində qarşılıqlı ticarətin həcmini 20 milyard dollara çatdırmaq məqsədi qoyulub”, – nazir bildirib.

O vurğulayıb ki, söhbət yalnız ticarətdən getmir, sənaye tərəfdaşlığı və birgə investisiyalar da əməkdaşlığın mühüm istiqamətləridir.

“Biz yalnız ticarətdən danışmırıq. Söhbət sənaye tərəfdaşlığından və birgə investisiyalardan gedir. Məsələn, Özbəkistanın Azərbaycanda tekstil, avtomobil sənayesi və bir sıra digər sahələrə investisiyaları var. Azərbaycan da Özbəkistana mədənçilik, daşınmaz əmlak, enerji və digər sahələrə investisiya yatırır”, – Kudratov deyib.

Nazirin sözlərinə görə, bu əməkdaşlıq iki ölkə arasında vahid bazarın, iqtisadi və biznes məkanının formalaşdırılmasına xidmət edir.

“Bu, bizim birlikdə vahid bazar, vahid iqtisadi və biznes məkanı yaratmaq istiqamətində çalışdığımızı göstərir. İnteqrasiya olunmuş, siyasətləri uyğunlaşdırılmış region nə qədər böyük olarsa, investisiyalar və biznes baxımından bizim üçün bir o qədər yaxşıdır”, – deyə o bildirib.

Kudratov Mərkəzi Asiyanın daha güclü və inteqrasiya olunmuş regiona çevrilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

O, həmçinin enerji təhlükəsizliyinin Özbəkistan üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

“Bugünkü yüksək enerji qiymətləri şəraitində enerji təhlükəsizliyi Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir. Biz elektrik enerjisi mənbələrinin şaxələndirilməsinə investisiya yatırırıq”, – nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda Özbəkistan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını təxminən 30 faizə çatdırıb.

“2030-cu ilədək enerji istehsalımızda günəş, külək, hidroenerji və qazın payının 54 faizə çatmasını təmin edəcəyik”, – deyə Kudratov bildirib.

Nazir Özbəkistan və bütövlükdə Mərkəzi Asiyanın günəş və külək enerjisi istehsalı üçün böyük potensiala malik olduğunu qeyd edib. O, Azərbaycanla regionun “yaşıl enerji”sinin Avropaya çatdırılması istiqamətində birgə layihələrin hazırda müzakirə və inkişaf etdirildiyini də açıqlayıb.

“Hazırda regionumuzdan Avropaya “yaşıl” və ucuz elektrik enerjisinin çatdırılması ilə bağlı Azərbaycanla birgə layihəni müzakirə edir və inkişaf etdiririk. Bu istiqamətdə işlər sürətlə irəliləyir”, – Özbəkistanın naziri bildirib.

Kudratov əlavə edib ki, yaxın illərdə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni və daha geniş layihələrin həyata keçirilməsi mümkün olacaq.

“İnanırıq ki, qarşıdakı illərdə Mərkəzi Asiyanı və Avropanı birləşdirəcək yeni, əsaslı layihələr həyata keçirə biləcəyik. Biz davamlı və uzunmüddətli artıma nail olmaq, Mərkəzi Asiyanı investisiyalar üçün vahid məkana çevirmək məqsədilə Azərbaycan və digər Mərkəzi Asiya ölkələri ilə birgə fəaliyyət istiqamətlərində eyni mövqedəyik”, – deyə Laziz Kudratov vurğulayıb.