Nazir: Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta bilər İqtisadiyyat

Nazir: Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta bilər

Düzgün investisiyalar və səmərəliliyin artırılması tədbirləri nəticəsində Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının 2023-cü il qiymətləndirməsinə istinadən bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, investorların sərmayə yatırdıqları zaman mövcud olan şərtlərin davamlı qalacağına əminliyi vacibdir. Azərbaycanın daxili siyasi sabitliyi və siyasətin davamlılığı, nisbətən aşağı dövlət borcu, əhəmiyyətli maliyyə buferləri və proqnozlaşdırıla bilən siyasət investisiyalar üçün güclü baza yaradır.

Onun sözlərinə görə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantıların reallığa çevrilməsi fonunda regionda gedən geosiyasi proseslər də bu imkanları gücləndirir.

Mikayıl Cabbarov investisiyalar üçün aydın qaydaların, sərmayələrin qorunmasının və etibarlı mübahisələrin həlli mexanizmlərinin fundamental əhəmiyyət daşıdığını bildirib. Eyni zamanda, razılaşmaların əldə edilməsi ilə onların icrası arasındakı müddətin qısaldılması istiqamətində iş aparılır.

Nazir bildirib ki, bu məqsədlə Baş nazirin müavininin rəhbərlik etdiyi xüsusi komissiya strateji investisiya layihələrinin icrasını sürətləndirir və dövlət qurumları arasında koordinasiyanı təmin edir.

Mikayıl Cabbarov Azərbaycanın coğrafi baxımdan dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, uzunmüddətli siyasət və davamlı investisiyalar nəticəsində beynəlxalq nəqliyyat qovşağına çevrildiyini vurğulayıb. Hazırda ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri hər iki istiqamətdə fəaliyyət göstərir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, gəmiqayırma zavodu və Xəzər yük donanması Orta Dəhlizin əsas elementləri sırasında göstərilib. Mikayıl Cabbarovun sözlərinə görə, tərəfdaş ölkələrlə birlikdə təhlükəsiz və etibarlı marşrut yaradılıb, yükdaşımaların həcmi hər il artır və mövcud potensial bundan da böyükdür.

Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycanın dəhlizlər üzrə infrastrukturunun tikintisi başa çatıb və növbəti mərhələdə əsas diqqət xidmətlərin keyfiyyətinə yönəldiləcək. Məqsəd Azərbaycandan keçən marşrutların mövcud geosiyasi şəraitdə yalnız təhlükəsiz deyil, həm də xərc və vaxt baxımından rəqabətqabiliyyətli olmasını təmin etməkdir.

Bu məqsədlə tərəfdaş dövlətlərlə birlikdə rəqəmsallaşmaya və süni intellekt əsaslı həllərə investisiyalar yatırılır. Logistika terminalları, rəqəmsal xidmətlər və onların ətrafında formalaşan sənaye sahələri özəl investisiyalar üçün əlavə imkanlar yaradır.