“Bu təmas sülh prosesinin varisliyini və hüquqi ardıcıllığını təmin edir” Gündəm

“Bu təmas sülh prosesinin varisliyini və hüquqi ardıcıllığını təmin edir”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda keçirilən görüşü iki ölkə arasında sülh prosesinin sadəcə bəyanat mərhələsini keçərək beynəlxalq hüquqi öhdəliklərin icrası və institutlaşma fazasına daxil olduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu təmas, xüsusən Vaşinqton Sülh Sammitində əldə olunmuş çərçivə razılaşmalarına söykənərək prosesin varisliyini və hüquqi ardıcıllığını təmin edir”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat söyləyib ki, BMT Baş Assambleyası platformasında birbaşa dialoqun aparılması tərəflərin ikitərəfli formatın effektivliyinə olan inamını təsdiqləyir: “Bu, suveren bərabərlik prinsipinə əsaslanan və üçüncü tərəflərin geopolitik təzyiqlərindən azad olan müstəqil diplomatik mexanizmin oturuşduğunun göstəricisidir. Müzakirələrin mərkəzində nəqliyyat və iqtisadi infrastrukturların açılması məsələsinin durması sülhün hüquqi əsaslarını real iqtisadi inteqrasiya ilə möhkəmləndirmək məqsədi daşıyır. Beynəlxalq hüquqda kommunikasiyaların bərpası yalnız ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması çərçivəsində mümkün olduğundan bu istiqamətdəki irəliləyiş yekun sülh müqaviləsinin praktiki təməlini təşkil edir. İqtisadi asılılığın və regional nəqliyyat şəbəkələrinin qurulması Ermənistanda ehtimal olunan revanşizm risklərini minimuma endirərək sülhün davamlılığı üçün funksional zəmanət rolunu oynayır”.

Röya İsrafilova