“Dağ-mədən, metallurgiya sənayesinin inkişafı yeni perspektivlər açır” İqtisadiyyat

“Dağ-mədən, metallurgiya sənayesinin inkişafı yeni perspektivlər açır”

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2027-2030 illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışı oldu. Çıxışda ölkə başçısı bir sıra məsələlərə toxundu. Bunlar diqqətçəkən məsələlərdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkəmizdə yeni perspektivlər açır, müasir sənaye sahələrinin istiqamətini müəyyənləşdirir. Hesab edirəm ki, biz ölkəmizin iqtisadiyyatını çoxşaxəli istiqamətdə inkişaf etdirməliyik. Dağ-mədən sahəsi qeyri-neft sektoruna aid olan sahədir. Prezident bu məsələlərlə bağlı fikirlərini söylədi, iqtisadiyyatın gücləndiriləcəyini bildirdi və qəbul olunmuş proqramın 4 il ərzində icra olunacağını vurğuladı”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

E.Musayev söyləyib ki, Prezident, eyni zamanda, bildirdi ki, biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik, bu da çox böyük rəqəmdir: “Azərbaycanın daxilində də öz tələbatı var və o tələbatı da icra edirik. Amma bütün hallarda iqtisadiyyatımızı inkişaf etdirməliyik və qeyri-neft sektoru da inkişaf edilməlidir. Prezidentin bildirdiyinə görə 8 ay ərzində qeyri-neft sektorunda 5,4 faiz artım nəzərə tutulur”.

Deputat əlavə edib ki, Prezident işğal dövründə Azərbaycana vurulmuş ziyana da toxundu: “İşğal dövründə Ermənistanın Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektar meşə fondunu məhv etdiyi də Prezidentin çıxışında qeyd olundu. Eyni zamanda, o da qeyd olundu ki, bizim bir sıra ərazilərimiz var ki, orada meşə fondunun məhv olunması ilə bərabər, həm də bizim orada müxtəlif faydalı qazıntılarımız var. Onlardan da Ermənistan dövləti qanunsuz surətdə istifadə edib”.

Röya İsrafilova