16:10
658
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hücumları səbəbindən sığınacaqlarla təchiz olunmuş saraylar arasında yerdəyişmə etməyə məcbur qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Amerikanın "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, vəliəhd sonuncu dəfə oktyabrın 6-da milli donorluq kampaniyası çərçivəsində ictimaiyyət arasında görünüb. Həmin vaxtdan bəri o, şəxsi heyəti tərəfindən xüsusi seçilmiş mühafizə dəstəsinin gücləndirilmiş nəzarəti altında hərəkət edir.
Husilərin hücumları fonunda krallıq bütün dünyada hava hücumundan müdafiə vasitələri axtarır və hərbi müttəfiqi Pakistana müraciət edib. Bundan əlavə, Ər-Riyad Yəməndəki müttəfiq qüvvələrə kömək etmək üçün digər ölkələrdən hərbçilərin cəlb olunması imkanlarını nəzərdən keçirir. Bununla yanaşı, Səudiyyə Ərəbistanının münaqişəni diplomatiya yolu ilə həll etmək yollarını da axtardığı bildirilir.
Məryəm Quliyeva