Hun Manet: Kamboca və Azərbaycan bir-birini tamamlayan iqtisadi xüsusiyyətlərə malikdir İqtisadiyyat

Hun Manet: Kamboca və Azərbaycan bir-birini tamamlayan iqtisadi xüsusiyyətlərə malikdir

Kamboca və Azərbaycan kommersiya əməkdaşlığı üçün böyük potensial yaradan, bir-birini tamamlayan iqtisadi xüsusiyyətlərə malikdir.

“APA-Economics” xəbər verir ki, bu barədə Kamboca Krallığının baş naziri Hun Manet Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda çıxışı zamanı bildirib.

“Azərbaycan enerji, neft-kimya, bərpaolunan enerji, aqrar texnologiyalar, logistika və rəqəmsal infrastruktur sahələrində üstünlüklərə malik olduğu halda, Kamboca dinamik istehsal sektoru, inkişaf etmiş kənd təsərrüfatı, gənc və çevik işçi qüvvəsi, təmiz enerjidən istifadənin genişlənməsi və regional bazarlara əlverişli güzəştli ticarət çıxışı ilə seçilir. Bu müqayisəli üstünlükləri birləşdirməklə bizneslərimizin birlikdə inkişaf edəcəyi dinamik ekosistem yarada bilərik”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Kamboca ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq ilkin mərhələdədir və onun inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur:

“Əsas diqqətimizi ticarət olunan məhsul və xidmətlərin çeşidinin genişləndirilməsinə, biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqinə, eləcə də investisiya və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin araşdırılmasına yönəltməliyik.

Əminəm ki, dövlət və özəl sektorların daha fəal iştirakı ilə Kamboca və Azərbaycan iqtisadi əməkdaşlığın bütün potensialını reallaşdıra və daha dinamik, qarşılıqlı faydalı tərəfdaşlıq qura bilərlər. İnvestisiya sahəsində hər iki ölkənin biznes mühiti və imkanları barədə daha dolğun məlumatlılığın təmin edilməsinə ehtiyac var”.