
“Azərbaycan bu gün nəinki Cənubi Qafqazın lider ölkəsi, eyni zamanda, regionda və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan dövlətdir. Altı il əvvəl, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan, ərazi bütövlüyünü və 2023-cü ilin sentyabrında dövlət suverenliyini tam bərpa edən ölkəmiz yeni regional reallıqlar formalaşdırıb. Bu reallıqlar Azərbaycan dövlətinin, xalqının, rəhbərliyinin və ordusunun birgə səyləri nəticəsində yaranıb. Bu gün Cənubi Qafqazın, eləcə də regionla iqtisadi əlaqələri olan digər bölgələrin inkişaf perspektivləri müəyyən mənada həmin reallıqlarla bağlıdır”.
Bu sözləri xalqcebhesi.az-a Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Siyasi şərhçi təəssüflə bildirib ki, Azərbaycanın əldə etdiyi uğurları qəbul etmək istəməyən bəzi xarici dairələr ölkəmizə təzyiq göstərmək və onu müstəqil siyasətindən çəkindirmək məqsədilə müxtəlif vasitələrə əl atırlar: “Bu baxımdan İranın informasiya məkanında Azərbaycana qarşı yayılan materiallar və ölkəmizdəki ictimai müzakirələrin təqdimat forması xüsusi diqqət çəkir. İranın bu məsələdə nümayiş etdirdiyi mövqe yeni deyil. Müxtəlif dövrlərdə dini-ideoloji təsir imkanlarından istifadə etməklə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizə təzyiq göstərmək cəhdləri müşahidə olunub. Lakin Azərbaycan dövləti hər zaman milli maraqlarını və müstəqil siyasətini qətiyyətlə qoruyub, bu cür cəhdlərin qarşısını alıb”.
N.Azəri vurğulayıb ki, Nazirlər Kabinetinin məktəblərdə şagirdlərin vahid geyimi və müəllimlərin geyim formaları ilə bağlı qərarları Azərbaycanın daxili məsələsidir: “Dünyəvi dövlət olan Azərbaycan bu kimi məsələlərdə qərarlarını müstəqil şəkildə qəbul etmək və həyata keçirmək hüququna malikdir. Hər hansı xarici dövlətin bu məsələdən ölkəmizə təzyiq vasitəsi kimi istifadə etməsi yolverilməzdir”.
O, Azərbaycan Milli QHT Forumunun bəyanatına da diqqət çəkərək bildirib ki, bəyanatda son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkədə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumları pislənilir.
N.Azərinin sözlərinə görə, xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsi və məsələnin dini qarşıdurma kimi təqdim olunması cəhdləri qəbuledilməzdir. O qeyd edib ki, bu cür yanaşmalar cəmiyyətdə süni gərginlik yaratmağa və Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə almağa xidmət edir.
“44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, dövləti və ordusu dəmir yumruq kimi birləşərək tarixi Zəfər qazandı. Bu gün isə ölkəmizə qarşı ideoloji və informasiya müstəvisində aparılan hücumlar fonunda milli birlik və həmrəylik eyni dərəcədə vacibdir. Azərbaycan cəmiyyəti ölkəmizin müstəqilliyini, dünyəvi dövlətçilik prinsiplərini və milli maraqlarını hədəfə alan cəhdlərə qarşı ayıq-sayıq olmalıdır”, – deyə siyasi şərhçi bildirib.
Sonda o söyləyib ki, Azərbaycan dünyəvi və demokratik dövlət kimi öz inkişaf yolunu davam etdirəcək: “Heç bir xarici qüvvə ölkəmizin müstəqil siyasətinə təsir göstərmək və onu seçdiyi inkişaf yolundan döndərmək gücünə malik deyil. Əvvəllər olduğu kimi bu dəfə də bu cür cəhdlər iflasa uğrayacaq. Təbii ki, bu cür cəhdlərə qarşı mübarizəmizdə dövlət-xalq birliyinin qorunması, cəmiyyətdə sağlam ictimai mühitin saxlanılması və informasiya təxribatlarına qarşı prinsipial mövqe nümayiş etdirilməsi mühüm əhəmiyyət daşıyır”.
Röya İsrafilova