“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər” Siyasət

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bizim ölkəmizdə İslam dininin dəyərləri ilə yanaşı, digər dinlərlərin də dəyərləri qorunur, hörmətlə yanaşılır. Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib”.
Bu Xalqcəbhəsi.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş katibi Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, orta məktəblərdə ayrıseçkiliyə heç kim məruz qala bilməz: “Məktəblərimiz elm ocağıdır. Gələcək nəsillərimizə bilik, elm tədris olunur. Hər kəsin məqsədi məktəblərdə ayrıseçkiliyə məruz qalmadan, uşaqların sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsini təmin etməkdir. Hətta xatırlayıram, sovet dönəmində və bir çox ölkələrdə ümimi məktəbli forması mövcud idi. Heç bir şagird məktəbli paltarından kənar geyim istifadə edə bilməzdi və bunun qarşısı dərhal alınırdı. Valideyinlər də yaxşı bilirdi ki, uşaqlarını məktəbə hansı formada yola salmalıdır. Bu gün inkişaf etmiş Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə məktəb və liseylərin özünəməxsus formaları var. Kimsə qanundan kənar addım ata bilməz və buna imkan da verməzlər”.
Niyaməddin Orduxanlı əlavə edib ki, bu gün Azərbaycanda yetkinlik yaşına çatmış, məktəbi bitirmiş heç bir xanıma heç kim deyə bilməz ki, baş örtüyü taxa bilməzsən: “Bir daha qeyd etmək istəyirəm ki, bizdə din dövlətdən ayrıdır. İstənilən şəxs istədiyi yerdə namaz qıla, xanımlarımız hicabla gəzə bilər. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa çatdıqdan sonra necə istəyirlər, o cür də edə bilərlər. Baş verənlər hicab məsələsini əsas tutaraq, birbaşa Azərbaycan dövlətini sevməyən qüvvələrin qızışdırdığı məsələdir. Planlı şəkildə iş görürlər. Baş verənlər özlərinin çirkin məqsədlərinə xidmət edir. Bu Xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Biz həmin qüvvələrə imkan verə bilmərik və onlar məqsədlərinə nail ola bilməyəcəklər”.