
Azərbaycanın bərpaolunan enerji potensialının genişlənməsi və elektrik enerjisinin Avropa bazarlarına ötürülməsi istiqamətində atılan addımlar regional enerji əməkdaşlığında yeni mərhələ açır. Xüsusilə günəş enerjisi resurslarının artması, Qara dəniz enerji və kommunikasiya dəhlizi layihəsi üzrə işlərin irəliləməsi, həmçinin qarşıdakı nazirlər görüşü fonunda maliyyələşmə, nəql və satış mexanizmləri əsas müzakirə mövzularına çevrilib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Xalq Cəbhəsi”nə açıqlamasında Azərbaycanın Avropaya elektrik enerjisi ixracı imkanlarından, bu istiqamətdə həyata keçirilən layihələrdən və gələcək perspektivlərdən danışıb.
Deputat bildirib ki, Azərbaycan bu gün Avropa üçün təkcə neft və qaz deyil, həm də etibarlı elektrik enerjisi təchizatçısı kimi əhəmiyyət daşıyır: “Ölkəmiz elektrik enerjisi istehsalı sahəsində öz tələbatını üstələyən imkanlara malikdir və bu potensial ildən-ilə genişlənir. Azərbaycanın enerji imkanlarının güclənməsində bərpaolunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin payı artır. Ən əsası odur ki, güclənmə ənənəvi neft, mazut, qaz və su hesabına deyil, artıq günəş enerjisinin elektrik enerjisinə çevrilməsi hesabına baş verir. Azərbaycanın günəş enerjisindən elektrik enerjisi istehsalı sahəsində kifayət qədər təcrübəsi və resursları var”.
Deputat vurğulayıb ki, artıq dörd Cənubi Avropa ölkəsi Azərbaycanla bu istiqamətdə sazişlər imzalayıb, bir sıra digər dövlətlər də ölkəmizin enerji imkanlarından yararlanmaqda maraqlıdır.
Onun sözlərinə görə, elektrik stansiyalarının tikintisi böyük zaman və maliyyə vəsaiti tələb edir. Eyni zamanda, bəzi ölkələrdə Azərbaycan qədər elektrik enerjisi istehsal etmək üçün əlverişli təbii resurslar mövcud deyil. Azərbaycan isə ilin bütün fəsillərində günəş elektrik stansiyalarının fəaliyyət göstərməsi üçün əlverişli təbii şəraitə malikdir.
Aydın Mirzəzadə hesab edir ki, Buxarestdə keçiriləcək görüşdə Azərbaycanın enerji potensialı və gələcəkdə daha da artacaq ixrac imkanları müzakirə mövzularından biri ola bilər. O, bu baxımdan elektrik enerjisinin nəqli məsələsinin xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bu məsələ təkcə Azərbaycanla son ünvanda elektrik enerjisi alan ölkə arasında deyil, elektrik xətlərinin keçdiyi ölkələrin də razılığını tələb edir. Hər halda bu məsələdə hamı qazanır. Azərbaycan elektrik enerjisi satan ölkə kimi gəlir əldə edir, elektrik xətlərinin keçdiyi dövlətlər tranzit imkanlarından faydalanır, digər ölkələr isə ucuz və daimi, stabil elektrik enerjisi ilə təmin olunur”.
Deputatın fikrincə, bu cür əməkdaşlıq əlaqələri ölkələr arasında etimadın və sabitliyin möhkəmlənməsinə, iqtisadi problemlərin həllinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial rifahının yaxşılaşmasına töhfə verir.
O əlavə edib ki, birgə enerji layihələri gələcəkdə dövlətlər arasında yeni əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi üçün də geniş imkanlar yaradır.
İnvestisiya və kommersiya hədəfləri
İqtisadçı Asif İbrahimov diqqətə çatdırıb ki, Buxarestdə keçiriləcək 13-cü nazirlər görüşü Azərbaycan və Avropa arasında enerji əməkdaşlığının yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadçının sözlərinə görə, Azərbaycanın əsas prioritetlərindən biri layihənin maliyyələşmə modelinin dəqiqləşdirilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsidir: “Belə böyük infrastruktur layihəsinin reallaşdırılması üçün dövlət resursları ilə yanaşı, özəl investisiyaların, beynəlxalq maliyyə institutlarının kredit və qrant imkanlarının cəlb edilməsi vacibdir. Digər mühüm istiqamət layihənin texniki və kommersiya modelinin formalaşdırılmasıdır. Azərbaycan ərazisində istehsal ediləcək bərpaolunan enerjinin Gürcüstan vasitəsilə Qara dənizə, oradan Rumıniyaya və Avropa enerji bazarlarına çatdırılması üçün bütöv ötürücü infrastruktur yaradılmalıdır. Bu prosesdə ötürmə gücü, şəbəkə inteqrasiyası, enerji balansı və kommersiya şərtləri uzlaşdırılmalıdır”.
O, Avropa İttifaqı ilə institusional əməkdaşlığın gücləndirilməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Layihənin Avropa İttifaqının ümumi maraq doğuran enerji layihələri siyahısına daxil edilməsi, maliyyə dəstəyinin genişləndirilməsi və Avropa enerji şəbəkəsinə inteqrasiyası iqtisadi səmərəliliyi artıra bilər. Bu baxımdan layihənin Qarşılıqlı Maraq Layihəsi (PMI) statusu alması mühüm əhəmiyyət daşıyır.
İqtisadçı hesab edir ki, layihənin əhəmiyyəti yalnız elektrik enerjisinin ixracı ilə məhdudlaşmır. Azərbaycan gələcəkdə bərpaolunan enerji istehsalçısı və regional enerji ticarətinin iştirakçısı kimi mövqeyini gücləndirə bilər. Bu isə qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, yeni texnologiyaların tətbiqi və iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradacaq. 2026-cı ilin iyulunda Bakıda keçirilən 12-ci nazirlər görüşündə layihənin texniki-iqtisadi əsaslandırma mərhələsinin tamamlandığı elan edilib. Oktyabr ayında beynəlxalq investorlar və maliyyə institutlarına təqdim edilən nəticələr də layihənin texniki baxımdan mümkün və iqtisadi cəhətdən cəlbedici olduğunu göstərib. Növbəti mərhələdə ilkin texniki layihələndirmə, satınalma strategiyasının müəyyənləşdirilməsi, maliyyələşmə mexanizmlərinin formalaşdırılması və risklərin bölüşdürülməsi üzrə işlər aparılmalıdır. Qara dənizin bəzi hissələrində dərinliyin 2200 metrə çatması kabelin çəkilməsi, təhlükəsiz istismarı və təmiri baxımından ciddi mühəndislik hazırlığı tələb edir”.
İqtisadçı qeyd edib ki, hazırkı planlaşdırmaya əsasən, layihə üzrə yekun investisiya qərarının 2029-cu ilin sonunadək qəbul edilməsi gözlənilir: “İlk xəttin 2032-ci ildə, ikinci xəttin 2036-cı ildə, üçüncü xəttin isə 2040-cı ildə istismara verilməsi planlaşdırılır. Ümumi ötürmə gücünün təxminən 4 giqavata çatdırılması hədəflənir. Layihənin texniki-iqtisadi əsaslandırmasına görə, regionda ən azı 8 giqavat həcmində bərpaolunan enerji istehsal gücünün inkişafı, 2040-cı ildən etibarən isə Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsi mümkün ola bilər. Layihənin karbon emissiyalarını ildə 3,6 milyon tona qədər azaltmaq potensialı da var. Layihənin iqtisadi səmərəliliyi yalnız ötürmə gücü ilə müəyyənləşmir. Elektrik enerjisinin istehsal maya dəyəri, kabel və ötürücü infrastrukturun xərcləri, texniki itkilər, xidmət və təmir məsrəfləri, eləcə də Avropa bazarında satış qiymətləri nəzərə alınmalıdır”.
O, uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinin (PPA) bağlanmasını da vacib hesab edib.
Bildirib ki, enerjinin hansı bazara, hansı qiymətlə və hansı müddət ərzində satılacağının əvvəlcədən müəyyən edilməsi layihənin banklar və investorlar üçün cəlbediciliyini artıracaq.
Asif İbrahimin qənaətinə görə, Buxarest görüşündə əsas diqqət maliyyələşmə, kommersiya modeli və icra mexanizmləri üzrə konkret irəliləyişə yönəlməlidir. Layihənin uğuru siyasi razılaşmalardan daha çox, maliyyə təminatının və həyata keçirmə mexanizmlərinin nə dərəcədə işlək olmasından asılıdır.
O vurğulayıb ki, Qara dəniz enerji dəhlizi uzunmüddətli perspektivdə Azərbaycanın elektrik enerjisi ixracını şaxələndirməsi və Avropa ilə iqtisadi əlaqələrini dərinləşdirməsi baxımından strateji əhəmiyyət daşıyır.
Maliyyələşdirmə və satış şərtləri
İqtisadçı ekspert Xalid Kərimli deyib ki, Qara dənizin dibi ilə elektrik enerjisi və kommunikasiya xətlərinin çəkilməsi layihəsi çərçivəsində keçirilən görüşlərdə əsasən texniki, maliyyələşdirmə və satış məsələlərinin müzakirə olunacağı gözlənilir: “2022-ci ilin sonlarında Bakıda Avropa Komissiyasının iştirakı ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan rəhbərlərinin qatıldığı tədbirdə Qara dənizin dibi ilə kommunikasiya və alternativ enerji xətlərinin çəkilməsi ilə bağlı memorandum imzalanıb. Amma üstündən görürsüz, bu il keçib, indi növbəti görüşdür. Nə vaxt olacağını mən bilmirəm. Təbii ki, bu görüşlərin məqsədi də onları aydınlaşdırmaqdadır. Belə bir mənim gizli məlumatım yoxdur ki, bir insayder məlumatım yoxdur ki, sizlə bölüşüm. Amma güman edirəm ki, burda texniki məsələlər, büdcə məsələləri, maliyyələşdirmə məsələləri, alqı-satqı məsələləri müzakirə olunur. Çünki layihə milyardlıq layihələrdir, bu layihələrə beynəlxalq institutlardan kreditlər götürülür, layihəyə birbaşa yönəldilir.
Beynəlxalq institutlar da krediti verməmişdən qabaq satış müqavilələrindən borcu nə cür qaytaracaqlar, nə cür satış olacaq, onları görmək istəyir. Yəni burda da əsas bu texniki məsələlər, maliyyələşdirmə məsələləri, satış məsələləri güman edirəm ki, müzakirə olacaq”.
Günel Elxan