
Cənubi Qafqaz son dövrdə siyasi normallaşma təşəbbüslərinin, nəqliyyat layihələrinin və regional aktorlar arasında diplomatik təmasların intensivləşməsi ilə yeni geosiyasi dövrə qədəm qoyur. Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesi regionun siyasi və təhlükəsizlik strukturunu yenidən formalaşdırarkən, nəqliyyat və ticarət şəbəkələri ilə bağlı inkişaflar bu prosesə iqtisadi ölçü qazandırır. Xüsusilə 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamədən sonra baş verən hadisələr tərəflər arasında əldə olunmuş siyasi razılaşmaların konkret əməkdaşlıq sahələrinə çevrilməsi istiqamətində yeni zəmin yaradır.
Bu transformasiyanın mərkəzində Azərbaycanın regional mövqeyi dayanır. Qarabağda Azərbaycanın suverenliyinin bərpa edilməsindən sonra Bakı xarici siyasət gündəmində sülhə, iqtisadi əməkdaşlığa və regional nəqliyyat layihələrinə daha çox üstünlük verir. Ermənistanla aparılan danışıqlarla yanaşı, Avropa ölkələri və ABŞ ilə inkişaf etdirilən münasibətlər Azərbaycanın regional proseslərdəki rolunu genişləndirir. Buna görə də Cənubi Qafqazda baş verən dəyişiklikləri yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, formalaşmaqda olan yeni diplomatik və iqtisadi əlaqələr sistemi daxilində qiymətləndirmək lazımdır.
23 noyabr 2026-cı ildə Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi və həmin gün TRIPP layihəsinin icra mərhələsinə dair hazırlıq işlərinə başlanıldığının elan olunması regionda baş verən transformasiyanın aktual göstəriciləri sırasındadır. Bu iki hadisə siyasi normallaşma axtarışları ilə iqtisadi və nəqliyyat sahəsindəki təşəbbüslərin paralel şəkildə irəlilədiyini göstərir.
Cənubi Qafqazda siyasi normallaşma və yeni diplomatik dinamikalar
Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə qeydə alınan irəliləyiş Cənubi Qafqazın siyasi gələcəyi baxımından yeni diplomatik zəmin yaradır. İki ölkə arasında aparılan danışıqlar uzun illər davam edən mübahisələrin siyasi razılaşma əsasında həllinə yönəlmiş axtarışları yeni mərhələyə daşıyır. Lakin sülh prosesinin davamlı xarakter alması Ermənistanın razılaşdırılmış məsələləri konkret addımlarla həyata keçirməsindən və zəruri siyasi və hüquqi dəyişiklikləri reallaşdırmasından asılıdır.
Bu baxımdan Ermənistanın 23 noyabrda açıqladığı yeni Konstitusiya layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanın uzun müddətdir gündəmə gətirdiyi konstitusion etirazlar baxımından diqqətəlayiq bir inkişafdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dərc olunmuş mətndə Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndirmiş və konstitusiya məsələsinin həllinin sülh sazişinin imzalanması üçün əlverişli zəmin yarada biləcəyini bildirmişdir. Bununla belə, layihənin hələ qüvvəyə minmədiyi və referendum da daxil olmaqla, konstitusiya prosedurlarından keçməli olduğu nəzərə alınmalıdır. Buna görə də sözügedən inkişaf sülh prosesinin başa çatdığını deyil, tərəflər arasındakı əsas fikir ayrılıqlarından birinin həlli istiqamətində yeni mərhələyə keçildiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 12-də Dublində keçirdikləri görüş sülh prosesinin diplomatik səviyyədə davam etdiyini göstərir. Görüşdə sərhədlərin delimitasiyası, ticarət, nəqliyyat və etimad quruculuğu tədbirlərinin müzakirə olunması iki ölkə arasındakı münasibətlərin normallaşmasında siyasi razılaşmalarla yanaşı, praktiki məsələlərin də gündəmdə olduğunu göstərir. Bu istiqamətlərin irəlilədilməsi Ermənistanın konstitusiya dəyişiklikləri ilə bağlı atacağı addımlarla birlikdə qiymətləndirildikdə, sülh prosesinin qarşısında duran əsas şərtlərin mahiyyəti daha aydın görünür. Sülh prosesinin irəliləməsi iki ölkə arasındakı münasibətlərdən əlavə, Cənubi Qafqazda siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin inkişafı və regional əməkdaşlıq imkanlarının genişlənməsi baxımından da əhəmiyyət daşıyır. Buna görə də diplomatik danışıqların gedişi regionun gələcək siyasi və iqtisadi strukturuna təsir göstərən əsas amillərdən biri kimi çıxış edir.
TRIPP: Regional bağlantılar və geoiqtisadi yenidənqurma
Cənubi Qafqazda yeni geosiyasi quruluşun mühüm elementlərindən biri nəqliyyat əlaqələrinin yenidən təşkilidir. Bu çərçivədə Trump Route for International Peace and Prosperity (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının inkişaf etdirilməsini nəzərdə tutan layihə kimi önə çıxır. Layihənin həyata keçirilməsi Azərbaycan ilə Naxçıvan arasındakı avtomobil nəqliyyatı əlaqələrini asanlaşdırmaqla yanaşı, Türkiyə ilə Azərbaycan arasında bağlantıların gücləndirilməsinə və regional ticarət şəbəkələrinin inkişafına töhfə verə bilər.
Noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın TRIPP-in icra mərhələsinə keçildiyini və layihə çərçivəsində hazırlıq işlərinə başlanıldığını elan etməsi layihənin aktual əhəmiyyətini artırdı. Daha əvvəl Azərbaycan, Ermənistan və ABŞ arasında yaradılmış texniki işçi mexanizmlərində nəqliyyat infrastrukturu və elektrik enerjisinin ötürülməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdi. Dublində keçirilən liderlər görüşündə də layihənin dəmir yolu və avtomobil yolu komponentlərinə dair planlaşdırma işləri müzakirə olunmuşdu. Beləliklə, TRIPP siyasi razılaşmaların texniki və iqtisadi işlərlə dəstəklənməsinə yönəlmiş prosesin mühüm tərkib hissəsinə çevrilir.
Layihənin regional təsiri yalnız yeni nəqliyyat marşrutunun yaradılması ilə məhdudlaşmayacaq. Sərhəd və gömrük prosedurları, təhlükəsizlik tənzimləmələri və tranzit daşımalarına dair şərtlər layihənin fəaliyyət mexanizmini müəyyən edən əsas amillər sırasındadır. Bu məsələlər üzrə yaradılacaq mexanizmlər Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Türkiyənin Naxçıvan vasitəsilə regiona çıxışına da təsir göstərəcək. Bu baxımdan TRIPP-in regional nəqliyyat sisteminə verəcəyi töhfə texniki planlaşdırmanın tamamlanması və marşrutun səmərəli şəkildə istismar edilməsi ilə sıx bağlı olacaq.
Layihənin beynəlxalq ölçüsündə ABŞ-ın rolu diqqət çəkir. Vaşinqtonun prosesdə birbaşa iştirak etməsi onun Cənubi Qafqazda diplomatik təşəbbüslərlə yanaşı, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində də iştirakını təmin edir. Türkiyə baxımından isə TRIPP Naxçıvan vasitəsilə Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrinin gücləndirilməsi və Mərkəzi Asiyaya uzanan ticarət şəbəkələrinə çıxışın asanlaşdırılması baxımından əhəmiyyətlidir.
Nəqliyyat infrastrukturunun inkişafı region ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə də zəmin yarada bilər. Ticarət dövriyəsinin artması, tranzit xidmətlərinin inkişafı və enerji infrastrukturlarının bir-biri ilə əlaqələndirilməsi siyasi münasibətlərin iqtisadi əməkdaşlıqla dəstəklənməsinə şərait yarada bilər. Regional ticarətin genişlənməsi və yeni investisiya sahələrinin meydana çıxması ölkələrin sabit iqtisadi mühitdən əldə edəcəyi faydanı artıra bilər. Bu baxımdan infrastruktur investisiyaları Cənubi Qafqazda iqtisadi qarşılıqlı əlaqələrin güclənməsi və regional əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyət daşıyır.
Azərbaycanın bu prosesdəki mövqeyi malik olduğu enerji resursları və inkişaf edən nəqliyyat infrastrukturu ilə də sıx bağlıdır. Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya, Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropaya uzanan bağlantılar ölkənin regional ticarət və enerji şəbəkələrindəki rolunu gücləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mövcud infrastruktur obyektləri Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində mühüm yer tutur. TRIPP-in bu bağlantılarla birlikdə qiymətləndirilməsi Azərbaycanın yalnız enerji ixracatçısı kimliyi ilə deyil, həm də Avrasiyada nəqliyyat və ticarət şəbəkələrinin inkişafında rol oynayan ölkə kimi önə çıxdığını göstərir.
Nəticə və qiymətləndirmə
Cənubi Qafqazda meydana çıxan yeni mənzərə siyasi normallaşma ilə geoiqtisadi transformasiyanın paralel şəkildə irəlilədiyi prosesə işarə edir. Azərbaycan-Ermənistan münasibətlərində konstitusiya dəyişiklikləri və diplomatik danışıqlar sülhün siyasi əsasını formalaşdırarkən, TRIPP bu prosesin nəqliyyat və iqtisadi əməkdaşlıq ölçüsünü təmsil edir. Lakin mövcud inkişafların davamlı nəticələrə çevrilməsi siyasi razılaşmaların həyata keçirilməsindən və tərəflərin razılaşdırdığı mexanizmlərin işlək vəziyyətə gətirilməsindən asılıdır.
Azərbaycanın son dövrdə intensivləşən diplomatik təmasları, Avropa ölkələri ilə inkişaf etdirdiyi münasibətlər və regional nəqliyyat layihələrindəki mövqeyi Bakının xarici siyasət sahəsində fəaliyyət imkanlarını genişləndirir. Ölkənin həm sülh danışıqlarında, həm də regional iqtisadi təşəbbüslərdə oynadığı rol Cənubi Qafqazın gələcəyinə dair proseslərdə müəyyənedici amillərdən biri kimi önə çıxır.
Beləliklə, Cənubi Qafqazın gələcəyi sülh prosesinin institusionallaşması, yeni nəqliyyat layihələrinin həyata keçirilməsi və iqtisadi əməkdaşlıq sahələrinin genişlənməsi ilə formalaşacaq. TRIPP-in icra prosesi bu transformasiyanın mühüm göstəricilərindən biri olacaq. Azərbaycan baxımından isə regional proseslərdə oynadığı rolu diplomatik münasibətlər, iqtisadi əməkdaşlıq və beynəlxalq bağlantılar vasitəsilə dəstəkləmək dəyişən geosiyasi mühitin yaratdığı imkanların qiymətləndirilməsində əhəmiyyət daşıyacaq.
Mehmet Gökhan Özçubukçu
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri –
Beynəlxalq Münasibətlər üzrə mütəxəssis
Xüsusi olaraq “Xalq Cəbhəsi” üçün