Qazaxıstandan Azərbaycana gətirilən taxıl bahalaşmayacaq İqtisadiyyat

Qazaxıstandan Azərbaycana gətirilən taxıl bahalaşmayacaq

"Qazaxıstan milli valyutası tengenin ucuzlaşması Azərbaycana idxal edilən taxılın qiymətinə təsir etməyəcək". Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. O qeyd edib ki, əvvəlki illərdə ölkəmizə gətirilən buğda daha çox Qazaxıstandan alınırdısa, indiki halda əsas idxal etdiyimiz ölkə Rusiyadır". Vahid Məhərrəmov dünya bazarında ərzaq buğdasının ucuzlaşmasına da diqqət çəkib: "Ümumiyyətlə, buğda alınması dünya bazarında mövcud olan qiymətə uyğun olaraq dollarla hesablanır. Nəzərinizə çatdırım ki, hətta Qazaxıstan ixrac etdiyi buğdanın daşınma xərcinin bir hissəsini öz üzərinə götürür. Bunun üçün dövlət dotasiya ayırır. Qazaxıstan hökuməti ixracda maraqlı olduğu üçün bəzi xərcləri dövlət hesabına qarşılayır. Dünya bazarında buğdanın 1 tonu 220 dollardan 170 dollara qədər ucuzlaşıb. Təəssüf ki, Azərbaycan tələsərək çox baha qiymətə taxıl ehtiyatı görüb. Rusiyadan baha qiymətə çoxlu həcmdə buğda alınıb. İndi isə dünya bazarında buğda ucuzlaşıb. Tengenin ucuzlaşmasının buğdanın qiymətinə təsirindən söhbət gedə bilməz". Mütəxəssis ölkəmizdə ərzaq buğdasının baha olmasının səbəbini belə izah edib: "Azərbaycanda hətta keyfiyyəti aşağı olan buğdanın 1 tonu 250 dollara təklif olunur, dünya bazarında isə ərzaq buğdasının qiyməti170 dollaradır. Qiymətin yüksək olması bir müddət əvvəl sıradan çıxarılan dəyirmanlar hesabınadır. Həmin dəyirmanlar yerli buğdanı alıb un istehsal edirdi. Mövcud dəyirmanlar isə müəyyən qüvvələrin təsir dairəsindədir. Dünya bazarında ərzaq buğdasının ucuzlaşmasına baxmayaraq ölkədəki oliqarxlar bazarda rəqabət mühitinin yaranmasına mane olur və beləcə də qiymət diktə edirlər. Bu ilin 7 ayı ərzində Azərbaycana 202 milyon dollar dəyərində buğda idxal olunub. Bu ölkənin 8-9 ay ərzində ərzaq buğdasına olan ehtiyacını ödəyəcək qədərdir. Nəzərə almaq lazımdır ki, daxildə də buğda istehsal olunur. Bu sahədə də oliqarxlar peyda olub, onların buğdası mütləq Dövlət Taxıl Fondu tərəfindən baha qiymətə alınıb istehlaka yönələcək. Azərbaycanda bu il idxal çoxaldığı üçün buğda ilə bağlı ciddi ajiotaj yaranmayacaq".