Dayanıqlı inkişaf məqsədlərimiz və dünyadakı yerimiz İqtisadiyyat

Dayanıqlı inkişaf məqsədlərimiz və dünyadakı yerimiz

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri İndeksi üzrə hesabatda 5 pillə irəliləyib. Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf-2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə (55-ci yer) 2022-ci ilin hesabatında 5 pillə irəliləyərək dünyada hər üç ölkədən ikisini qabaqlayıb və bu göstəriciyə əsasən Cənubi Qafqaz regionunda liderdir.

Qeyd edək ki, hesabatda ölkəmizin daxil edildiyi - Şərqi Avropa və Mərkəzi Asiya regionunda Dayanıqlı İnkişaf Məqsədləri indeksinin orta göstəricisi 71,6 təşkil edib. Hesabatda region ölkələrindən Gürcüstan 51-ci, İran 88-ci, Qazaxıstan 66-cı, Türkiyə 71-ci, Özbəkistan 77-ci, Tacikistan 78-ci, Ermənistan 66-cı və Türkmənistan 99-cu pillədədir. Məlumat üçün bildirək ki, Çin Xalq Respublikası 56-cı, Albaniya 61-ci, Misir 87-ci, Qatar 94-cü və Səudiyyə Ərəbistanı 96-cı pillədə qərarlaşıb.

Hər il dərc olunan hesabat 163 ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının vəziyyətini müqayisəli təhlillərlə özündə ehtiva edir. Hesabatda ölkəmizin 1-ci məqsəd (Yoxsulluğun azaldılması), 6-cı məqsəd (Təmiz su və sanitariya), 12-ci məqsəd (Məsuliyyətli istehsal və istehlak) üzrə ciddi irəliləyişlərin olduğu, 4-cü məqsəd (Keyfiyyətli təhsil), 11-ci məqsəd (Dayanıqlı şəhərlər və icmalar), 13-cü məqsəd (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci məqsəd (Tərəfdaşlığın gücləndirilməsi) üzrə ötən dövrlərlə müqayisədə nailiyyətlərin müşahidə olunduğu vurğulanıb.

Bəs, Azərbaycan üçün də aktual olan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) nədir? DİM-ə 17 istiqamət daxildir. Bunlar hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək; gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək; hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək; hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək; davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək; möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək; ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq; şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək; istehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək; iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək; dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etməkdir. Habelə bu hədəflərə yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq; dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq; dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək daxildir.

BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.

Son beş il ərzində Azərbaycan “2030 Gündəliyi”nə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirib. 2016-cı ildə Azərbaycan Prezidenti BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan, DİM-ləri milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olub və ölkə təcrübəsini 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim edib. Digər məsələlərlə bərabər regional forum DİM-lərin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin qəbul edilməsi ilə yekunlaşdırıb. BMT-nin dəstəyi ilə interaktiv tablo, məlumatları vahid şəkildə toplayan, DİM-lərə doğru inkişafı real vaxt rejimində izləyən DİM-lər üzrə Milli Məlumat Portalı istifadəyə verilib. BMT həmçinin DİM-ləri təşviq etmək istiqamətinə özəl sektor, media, parlament üzvləri və ictimaiyyət də daxil olmaqla müxtəlif qrupların cəlb edilməsi üçün xüsusi səylər göstərməkdədir.

DİM-in əsas məqsədlərindən biri yoxsulluğun bütün formalarına hər yerdə son qoymaqdır. 1990-cı ildən bəri, kəskin yoxsulluq səviyyəsi yarıdan çox azaldılmışdır. Bu nailiyyət diqqətəlayiq olsa da, inkişaf etməkdə olan bölgələrdə hələ də, hər beş nəfərdən biri gündəlik 1,25 ABŞ dollarından az gəlirlə yaşayır və milyonlarla insanın gündəlik gəliri bu məbləğdən cüzi dərəcədə yüksəkdir. Üstəlik, bir çox insanlar yenidən yoxsulluğa düçar olma riski ilə üzləşir. Hazırda 836 milyon insan hələ də kəskin yoxsulluq həddində yaşayır. İnkişaf etməkdə olan ölkələrdə təxminən hər 5 nəfərdən biri günə 1,25 ABŞ dollarından az qazancla yaşayır. Dünyada beş yaşadək hər dörd uşaqdan birinin boyu öz yaşına görə qeyri-adekvatdır. Qeyri-stabil vəziyyətdə olan və münaqişələrdən əziyyət çəkən kiçik ölkələrdə yüksək yoxsulluq səviyyəsibə daha çox rast gəlinir. 2014-cü ildə hər gün 42 min insan münaqişələrlə bağlı olaraq, sığınacaq axtarmaq üçün evlərini tərk etmək məcburiyyətində qalmışdır.Yoxsulluq sadəcə yaşayış vasitələrinin dayanıqlılığını təmin etmək üçün lazım olan gəlir və resursların çatışmazlığından ibarət deyil. O, aclıq və zəif qidalanma, təhsilə və digər əsas xidmətlərə çıxış imkanının məhdud olması, sosial ayrı-seçkilik və təcridolunma, eləcə də qərarların qəbul edilməsində iştirakın olmaması formalarında təzahür edir. Dayanıqlı iş yerlərinin və bərabərliyin təşviq edilməsini təmin etmək üçün iqtisadi inkişaf inklüziv xarakter daşımalıdır.

Dünya əhalisinin təxminən yarısı günə 2 ABŞ dolları məbləğindən az qazancla yaşayır. Bir çox yerlərdə, iş sahibi olmaq yoxsulluqdan qurtulmaq qabiliyyətinə zəmanət vermir. Bu yavaş və qeyri-bərabər irəliləyiş bizdən yoxsulluğun aradan qaldırılmasına yönəlmiş iqtisadi və sosial siyasətlərimizi yenidən nəzərdən keçirməyi və yenidən hazırlamağı tələb edir.

Layiqli iş imkanlarının çatışmazlığının davam etməsi, yetərsiz investisiya qoyuluşları və qeyri-kafi istehlak demokratik cəmiyyətlərin təməlini təşkil edən əsas sosial həmrəyliyin pozulmasına gətirib çıxarır: tərəqqi hamı üçün ortaq olmalıdır. Keyfiyyətli iş yerlərinin yaradılması bütün iqtisadiyyatlar üçün əsas problem olaraq qalmaqdadır. Dayanıqlı iqtisadi artım cəmiyyətdən ətraf mühitə zərər verməməklə, insanların keyfiyyətli işlərə sahib olmasına imkan verərək iqtisadiyyatı stimullaşdıran şəraitlər yaratmasını tələb edir. Həmçinin, bütün əmək qabiliyyətli əhali üçün iş imkanları və layiqli iş şəraiti də tələb olunur.

Dünya bazarında ərzağın kəskin bahalaşması ilə ərzaq məhsullarını necə yetişdirdiyimizi, paylaşdığımızı və istehlak etdiyimizi yenidən düşünmək vaxtıdır. Düzgün şəkildə həyata keçirildiyi təqdirdə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq insanların yaşayışının yaxşılaşmasına yönələn aqrar inkişafa və ətraf mühitin qorunmasına dəstək verməklə, hər kəs üçün qidalı ərzaq təmin edə və layiqli gəlir yarada bilər. Hazırda torpaqlar, şirin sular, okeanlar, meşələr və bioloji müxtəliflik sürətlə azalır. İqlim dəyişikliyi bizim asılı olduğumuz resurslara, quraqlıq və daşqınlar kimi təbii fəlakətlərlə əlaqəli risklərin artımına daha çox təzyiq göstərir. Kənd yerlərində yaşayan bir çox qadınlar və kişilər öz torpaqlarında çətinliklə dolanırlar, bu da onları fürsətlər axtarmaq üçün şəhərlərə köçməyə məcbur edir. Bu gün dünyada aclıqdan əziyyət çəkən 795 milyon nəfər insanı və 2050-ci ilə qədər aclıqdan əziyyət çəkən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sisteminin əsaslı şəkildə dəyişdirilməsinə ehtiyac vardır. Ərzaq və kənd təsərrüfatı sektoru inkişaf üçün əsas həll yollarını təmin edir və aclıq və yoxsulluğun aradan qaldırılmasında mərkəzi rol oynayır.

Mahir Həmzəoğlu