Turizm sektorunda bahalı yay həyacanı... İqtisadiyyat

Turizm sektorunda bahalı yay həyacanı...

Regionlarda hələ də qiymətlər yüksək, xidmətlərin kefiyyəti aşağıdır

Bu mövsümdə turizm sektorunda ciddi canlanma müşahidə olunur. Quru sərhədlərinin bağlı olması səbəbindən insanlar ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Bahalı təyyarə bileti alıb, yayı xaricdə keçirmək hər adamın cibinə və imkanlarına uyğun deyil. Kasıblar tətili evində keçirir, orta təbəqə isə ölkə daxilində turizmin imkanlarından yararlanmağa çalışır. Aviabiletlərin fantastik qiymətlərindən sonra Azərbaycanın bölgələrində istirahət sərfəli görünə bilər...

Amma regionlarda bu il də qiymətlər əl yandırır. Otellərdə qiymətlər 50 manatdan 300 manata qədər dəyişir. Bir adamın 1 günlük istirahət xərcləri ən azı 100 manat ətrafındadır. Xidmətin keyfiyyəti də aşağıdır. Qonaqların sayı bir qədər artan kimi restoranlarda aləm qarışır, ofisiantlar çatdıra bilmirlər, başlıyırlar qiymətləri qaldırmağa. Sezon vaxtında maksimum qazanc əldə etmək əsas hədəfdir, çünki sentyabrın 15-dən sonra yenidən bu sektorda durğunluq başlayacaq. Bizdə turizm hələ də mövzümü xarakter daşıyır, ilboyu davam edən turizm formalaşmır. Bunda həm sahibkarların günahı var, həm də əhalinin gəlirlərinin turizmə pul xərcləmək üçün yetərli olmamasının. Sahibkarlar yay aylarında sanki turistləri soymağa girişirlər, müştəri məmnunluğu, növbəti aylarda onları yenidən qonaq kimi cəlb etmək strategiyaları yoxdur.

Hər halda bu il həm yerli, həm də xarici turistlərin sayında ciddi artım var. Çünki pandemiyadan yorulmuş insanlar təbiətin qoynuna çıxmaq, istirahət etmək, təmiz hava udmaq arzusundadılar. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 166 ölkəsindən 638,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 25 faizi Rusiya, 23,8 faizi Türkiyə, 13,0 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Böyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşlarıdır. Gələnlərin 78,3 faizini kişilər, 21,7 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 751,9 dəfə, Səudiyyə Ərəbistanından - 252,7 dəfə, Küveytdən - 147,3 dəfə, Bəhreyndən - 57,4 dəfə, Pakistandan - 51,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 41,7 dəfə, Hindistandan - 32,1 dəfə, İsraildən - 9,9 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 5,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,0 dəfə, İrandan - 1,9 dəfə, Ukraynadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, Gürcüstandan - 21,9 faiz artmışdır. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olmuşdur. Müqayisədə bu qədər kəskin artım pandemiya dövründə turizmin tənəzzülü ilə bağlıdır. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Amma maraqlıdır ki, xaricə gedənlərin sayında da artım var. Demək ki, bahalı təyyarə biletlərinə hələ tələb qalır. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 dəfə artaraq 680,8 min nəfər olmuşdur. İrana gedənlərin sayı 5,2 dəfə, Türkiyəyə 2,7 dəfə, Gürcüstana 2 dəfə, Rusiya isə 29,1 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 13,3 faizi İrana, 8,1 faizi Gürcüstana, 15,3 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil edir. 2022-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edənlərin 55,4 faizi hava, 42,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Xarici turistlər daha çox Bakı, Qəbələ, Quba, Qusar və Naftalana səyahət etməyə üstünlük verirlər. Bu da həmin regionların müasir infrastruktura malik olması və gözəl təbiəti ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9 faizi Bakıda, 6,2 faizi Qəbələdə, 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Belə çıxır ki, regionlar turizm sahəsində paytaxta uduzurlar, 5 turistdən 4-ü Bakını seçir. Hərçənd ki, regionların turizm potensialı, xüsusən də müalicə və sağlamlıq turizmi sahəsində daha yüksəkdir. Amma bu imkanlardan əlverişli istifadə olunmur. Qiymətlərlə xidmətlərin keyfiyyətində uyğunsuzluq var. əslində daha sərfəli qiymətlərlə yüksək xidmətlərin təşkil edilməsi əsas hədəfə çevrilməlidir. Yalnız bu halda regionlara turist axını daha da artacaq...

Doğrudur, turistlərin sayında artım var. Ancaq bu artım hələ pandemiyadan əvvəlki dövrdəki rəqəmlərdən çox azdır. 2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1,027 milyon olmuşdur. Gecələmələrin 55,1 faizi Bakıda, 6,8 faizi Qəbələdə, 6,8 faizi Qubada, 5,5 faizi Qusarda, 5,5 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 3,0 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Xaçmazda, 1,1 faizi Şamaxıda, 0,9 faizi Şuşada və 8,5 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir. Gecələmələrin 11,9 faizi Səudiyyə Ərəbistanı, 11,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,5 faizi Türkiyə, 10,7 faizi Rusiya Federasiyası, 4,4 faizi Böyük Britaniya, 3,9 faizi Küveyt, 3,8 faizi İsrail, 3,5 faizi Hindistan, 3,0 faizi ABŞ, 1,9 faizi Pakistan, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,5 faizi İtaliya, 1,4 faizi Gürcüstan, 1,4 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Özbəkistan, 0,8 faizi Niderland, 0,7 faizi Ukrayna, 0,6 faizi Fransa, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 523,5 min olmuşdur ki, bu da ümumi gecələmələrin 51,0 faizini təşkil edir. Bu isə o deməkdir ki, yerli vətəndaşlar da daha çox otel xidmətlərindən istifadə etməyə başlayıblar.

Turist axınında artım varsa, gəlirlərdə də artım olacaq. 2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1 faiz artaraq 147,0 milyon manat olub ki, onun da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Qeyri-neft sektorunda xaricdən ölkəyə valyuta axını baxımından ən gəlirli sahə olan turizmdə aktivləşmə xidmət sektorunda iqtisadi aktivliyin və iş yerlərinin bərpası baxımından çox əhəmiyyətlidir. Har halda pandemiya turizmə böyük ziyan vurdu, son 2 ildə otellər, restoranlar gözləməli olublar. Bəlkə də xidmət sektorunda ən cox ziyan görən sahədir. Nəzərə almaq lazımdır ki, turizm iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün yaxşı baza yaradır.

2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4 faiz səviyyəsində olmuşdur (2021-ci ilin yanvar-iyun aylarında 9,0 faiz). Bu göstərici Şabranda 90,0 faiz, Naftalanda 27,0 faiz, Beyləqanda 26,7 faiz, Qubada 26,5 faiz, Ağcabədidə 19,6 faiz, Bakıda 18,6 faiz, Lənkəranda 17,6 faiz, Sabirabadda 17,2 faiz, Şuşada 17,1 faiz, Qusarda 16,4 faiz, Qəbələdə 16,4 faiz, Göyçayda 12,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur. Bu isə onu göstərir ki, əksər otellərdə yerlər boşdur, otellərin qonaq qəbul etmək imkanları olsa da, arzu edilən qədər turist yoxdur. Turist yoxdursa, pul da yoxdur. Turizm sektorundan dolananlar bu il də birtəhər keçinməli olacaqlar, ümid qalacaq növbəti ilin turizm mövsümünə...

Mahir Həmzəoğlu