TAP vasitəsilə Avropaya qaz nəqli əhəmiyyətli dərəcədə artıb İqtisadiyyat

TAP vasitəsilə Avropaya qaz nəqli əhəmiyyətli dərəcədə artıb

2022-ci ilin ikinci rübündə Trans-Adriatik qaz xətti (TAP) ilə Avropa İttifaqına təbii qaz nəqli təxminən 28 teravatt/saat təşkil edib.

Trend bu barədə bu gün Avropa Komissiyasının hesabatına istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə qaz nəqli 18 teravatt/saata bərabər idi. Beləliklə, bu göstərici bir il ərzində 57 faiz artıb.

Hesabatda qeyd olunur ki, TAP vasitəsilə nəql olunan qaz Aİ-nin ümumi qaz idxalının 2,9 faizini təşkil edib.

"TAP Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxış imkanını təmin edir. Bu, Aİ-nin qaz tədarüklərinin təhlükəsizliyi siyasətinin vacib nəticəsidir. Aİ gələcəkdə də Rusiyadan qaz idxalını əvəz etməklə Cənub Qaz Dəhlizinə daha çox arxalanmaq niyyətindədir", - hesabatda deyilir.