Qızıl qeyri-neft sektorunda əsas ixrac məhsuluna çevrilir İqtisadiyyat

Qızıl qeyri-neft sektorunda əsas ixrac məhsuluna çevrilir

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülərək yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya mühüm məqsəd kimi müəyyən edilib. Bu çərçivədə əsas vəzifələrdən biri qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac imkanlarını genişləndirməkdir. Bunun üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi vacib amildir.

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 12,4% artıb. 2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artmışdır. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil etmişdir. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ini təşkil etmişdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrarsənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artmışdır. 2022-ci ilin yanvar-dekabr ayları ərzində 38,1 milyard ABŞ dolları dəyərində mal ixrac olunmuşdur Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Cari ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil etmişdir 4 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2022-ci ilin yan var-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sek toruna aid malların siyahısında karbamid (209 ,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (185,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (173,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2022-ci ildə Rusiyaya 928,6 milyon, Türkiyyəyə 713,1 milyon, Gürcüstana 228,4 milyon, İsveçrəyə 198,5 milyon və Qazaxıstana 102,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Azərbaycanda son illər qeyri-neft sektorunda əsas ixrac məhsullarından biri qızıldır. Hansı ki, ixracda 2-ci yeri tutur. Son illər ölkədə bu sahədə xüsusi artım meyilləri müşahidə olunur. Həttar yaxın gələcəkdə qızıl və mis əsas potensial ixrac məhsuluna çevrilə bilər. Ölkədə əsas qızıl hasilatçısı olan “AzerGold” QSC 2022-ci ildə də hasilatı artırıb. “AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib. Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9%), gümüşdə 88.6 min unsiya (65.9%) çox olub. 2017 – 2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib. 2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib. Bu isə qeyd olunansahədə artım dimanikasından xəbər verir.

“AzerGold” hasilata yeni yataqlar da cəlb edir, layihələr həyata keçirir. Belə ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85.56 km2 olan “Tutxun” nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb. ANAMA tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8.29 km2 ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayları ərzində yerüstü aktiv axtarış-kəşfiyyat işləri icra edilib. Nəticədə əldə edilmiş sınaq nümunələri element tərkiblərinin müəyyən edilməsi məqsədilə analiz üçün beynəlxalq laboratoriyaya göndərilib.

Qeyd edək ki, “Tutxun” sahəsində geoloji kəşfiyyat işlərinin sözügedən ərazilərin 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla çirkləndirildiyi üçün sürətlə davam etdirilməsi mümkün deyil. Minalanmış sahələrin xəritələrinin alınması ilə bağlı danışıqlar isə Ermənistanın bu məsələ ilə bağlı destruktiv mövqeyinə görə ləngiyir. Bu səbəbdən axtarış-kəşfiyyat işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. 2023-cü il ərzində işlərin davam etdirilməsi üçün daha 45.5 km2 sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün “AzerGold” QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.

“AzerGold” QSC torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir. “Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

Bunlarla yanaşı “AzerGold” QSC xarici əlaqələrini də genişləndirir. Bu ilin fevral ayında Daşkənd şəhərində Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, “AzerGold” QSC tərəfindən Özbəkistanda nəcib metal filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərin cəlb edilməsi, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub. Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan Respublikası ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən “AzerGold” QSC arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əmindilər. Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətləri qururlar.

Dünya bazarında tarixən qızıl həmişə özünəməxsus yerə malik olub, bu gün də çox qiymətli əmtəədir. Son illər sənayedə İKT texnologiyalarının tədbiqi, elektrik avtomobillərinə keçidin sürətlənməsi nəticəsində mis də qiymətli metala çevrilib. Hətta XXI əsrdə onun nefti əvəz edə biləcəyi qədər əhəmiyyəti qeyd olunur. Azərbaycan da son illər bu sahəyə xüsusi diqqət yetirir. Ölkədə zəngin qızıl və mis yataqlarının olması və dövlətin xüsusi marağı isə bu sahənin perspektiv inkişaf imkanlarından xəbər verir.

Qarabağ faydalı qazıntılarla çox zəngindir. Burada 160-dan çox faydalı qazıntı yataqlarına, o cümlədən qızıl, gümüş, mis, əlvan metallar, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və s. rast gəlinirr. Bu yataqlar işğal dövründə ermənilər tərəfindən talan edilsə də, indi həmin təbii resurslar Azərbaycan dövləti tərəfindən istimar ediləcək. Ölkə sənayesini uzun illər təmin edə və iqtisadiyyatımızı möhkəmləndirmək üçün satışa çıxarıla bilən mineral-xammal bazamız var. Mütəxəssislərin təqribi hesablamalarına görə, ölkəmizin potensial mineral-xammal ehtiyatlarının (28 əsas faydalı qazıntı növü üzrə) ümumi dəyəri dünya bazarı qiymətləri ilə 35-40 mlrd. ABŞ dolları civarındadır. Kəşf olunmuş faydalı qazıntı yataqlarının yalnız 40%-i istismara cəlb olunub. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi proqnozlaşdırılır.

Mahir Həmzəoğlu