“İndiki vəziyyət əsl fürsətdir” İqtisadiyyat

“İndiki vəziyyət əsl fürsətdir”

Rafiq Hunaltay: "İndiki iqtisadi vəziyyət "gəl, al" prinsipinin işləməyəcəyini öyrədir"

Milli Marketinq Forumunun həmtəsisçisi, "Böhrandan yeni dövrana" adlı kitabın müəllifi Rafiq Hunaltayın "APA-Economics"ə müsahibəsi:
- "Böhrandan yeni dövrana" kitabı adından göründüyü kimi böhrandan bəhs edir. Kitabda əsasən hansı məqamlara toxunmusunuz?
- Əvvəlcə onu deyim ki, təxminən bir ildir ki, bu kitab üzərində işləyirik. 5 fəsildən ibarət bu kitab Azərbaycanda böhran marketinqi üzrə yazılan ilk praktik kitabdır. Məlumdur ki, son bir ildə dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanda iqtisadi çətinlik yaşanır. Bir çox şirkətlər, o cümlədən dövlət qurumları böhran vəziyyətində iş prinsipinə çox da öyrəncəli deyildilər. Lakin dünyada gedən müəyyən proseslərin bizə də təsir etdiyini gördük. Buna görə də böhran vəziyyətində biznes kommunikasiyasını öyrənmənin zəruriliyi meydana çıxdı. Buna görə də bu kitab üzərində işləməyə başladıq. Burada biz əsasən böhran, onun şirkətlərə təsiri, antiböhran kommunikasiya modelləri, böhran dövründə tətbiq edilən strategiyalar, marketinq kommunikasiya kanalları, o cümlədən rəhbər, işçi və müştəri davranışlarından bəhs etmişik. Kitabın əsas özəlliyi onun praktik olmasıdır. Praktikliyi ondan ibarətdir ki, Azərbaycan, eyni zamanda dünya şirkətlərindən konkret nümunələrdən istifadə etmişik. Onların böhrandan çıxış yollarını göstərmişik. Bundan başqa, kitabda ilk dəfə Azərbaycanın reklam bazarının araşdırmasını aparmışıq.
- Necə düşünürsünüz, hazırda Azərbaycandakı mövcud iqtisadi vəziyyəti böhran adlandırmaq olarmı? Olarsa, bu böhrandan çıxış yollarını nədə görürsünüz?
- Hal-hazırda mövcud vəziyyəti istər iqtisadi çətinlik adlandırın, istərsə də dünyada gedən proseslərin Azərbaycana təsiri adlandırın. Mənə görə bu iqtisadi vəziyyət böhrandır. Biz bunu kitabda da qeyd etmişik, hər halda, reallıq budur ki, indi dolların 78 qəpiyə bərabər olan vaxtı deyil. Böhrandan çıxış yollarına gəlincə isə, şirkətlər strategiyalarında, kommunikasiyalarında dəyişiklik etməlidirlər. İsrafçılığa yol verilməməlidir. Böhran dövründə ölçüləbilən media xüsusi rol oynayır. Bu iqtisadi vəziyyət şirkətlərə öyrədir ki, "gəl, al" prinsipli reklam artıq işləməyəcək, daha kreativ kontent seçmək lazımdır. Bizim şirkətlərin böhrandan əvvəl strategiyası bu idi ki, onlar emosional kütləyə rasional mesaj ötürürdülər. Bu, çox böyük səhv idi. Emosional kütlə üçün məntiqli reklamlar hazırlanırdı. Halbuki indiki vəziyyət əsl fürsətdir. Və artıq şirkətlər də bunu anlamağa başlayıblar. Bundan başqa, izafi xərclərə yol verilməməlidir. Ümumilikdə, xərc optimallaşdırılmalıdır. Elə şirkət var, bir adam otuz iş görür, və ya 30 adama bir iş tapşırılır. Digər tərəfdən isə şirkətlər bazara çıxardığı məhsulla bağlı araşdırma aparılmalıdırlar. Müştəri artıq əvvəlki müştəri deyil. hər kəs qəpiyinə belə qənaət edir. Buna görə də şirkət müştərinin məhsulla bağlı istəyini nəzərə almalıdır.
- Bəs hökumətin bu böhrandan çıxma yolunda atdığı addımları, gördüyü tədbirləri necə qiymətləndirirsiniz?
- Hökumət tərəfindən bu istiqamətdə kifayət qədər addımlar atılır. Proseslər sürətlə baş verir, müəyyən proqramlar test edilir, əgər alındısa, tətbiq edilir, alınmadısa, daha da təkmilləşdirilir və s. Bu baxımdan müsbət qiymətləndirirəm. Lakin sistemlidirmi bu işlər? Bu, bir qədər sual altındadır. Hiss olunur ki, bu böhrana hazırlıqla bağlı heç bir plan yox idi. Bu gün böhran baş verib, bu gün düşünülür ki, nə edək. Halbuki normalda, istər şirkətlər, istər dövlətlər, istərsə də ayrı-ayrı fərdlərin böhranla bağlı planları olmalıdır.
- Bildiyimiz kimi, mayın 27-28-i Bakıda Milli Marketinq Forumu keçiriləcək. Siz də bu forumun həmtəsisçisisiniz. Forumda nə kimi mövzular müzakirə olunacaq?
- Bizim komanda 2013-cü ildən bu forumu keçirir. Builki konseptimiz də elə böhranla bağlı olacaq. Forum çərçivəsində altı panel təşkil olunacaq. Panellər böhran dövründə marketinq strategiyası, marketinq kommunikasiyası, şəxsi brendinq, rəqəmsal marketinq, bloqçuluq və rəy liderliyi mövzularına həsr olunacaq. Hər il keçirdiyimiz forumun bir sloqanı olur. Bu ilki forumun sloqanı da məhz kitabın adı ilə birbaşa bağlıdır. Forum müddətində də kitablar satışda olacaq.