Nəqliyyat dəhlizləri ölkəmizə ildə 2,5 mlrd. dollar qazandıra bilər İqtisadiyyat

Nəqliyyat dəhlizləri ölkəmizə ildə 2,5 mlrd. dollar qazandıra bilər

Şərqlə Qərbin, Şimal ilə Cənubun qovşağında yerləşən, unikal coğrafi mövqeyə malik olan Azərbaycan dünyanın nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmayıb. Əksər hallarda isə bu proseslərin təşəbbüskarı elə Azərbaycandır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın ən mühüm və böyük yol ayrıcı kimi qəbul olunur. Bu baxımdan da "yol ayrıcın"ın yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərini postneft dövründə büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək qarşıda duran başlıca vəzifələrdən biridir. Azərbaycan prezidenti İlham Əliyevin siyasi dəstəyi ilə dövlət maraqlarını təmin edəcək irimiqyaslı işlər görülür. Ölkəmizdə tranzit yükdaşımaları stimullaşdırılmasına dair, dövlət başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar, verdiyi qərarlar, yüksək səviyyədə apardığı danışıqlar bu sahənin inkişafını təmin edəcək.
"ADY Express"dən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə Azərbaycan hökumətinin, xüsusən "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak, tranzit daşımalarının artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırması və gündəliyə gətirməsi, strateji baxımdan olduqca mühüm addımdır. Həm də, bu addım zaman etibarı ilə tam yerinə düşüb. Ona görə ki, bunun üçün hazırda çox əlverişli konyunktura və siyasi şərait mövcuddur. Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq Şimal-Cənub Nəqliyyat dəhlizi ilə yanaşı, Cənub-Qərb və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) məqsədi Çin, Orta Asiya, Xəzər və Qara dənizləri hövzələri və Avropa ölkələrindən yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən keçməklə hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir. TBNM dəhlizinin iqtisadi əsaslandırılması və potensialın müəyyən edilməsi üçün Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 520 mlrd. avrodan çox ticarət dövriyyəsini qeyd etmək lazımdır. TBNM vasitəsilə yükdaşımaları 12 gün ərzində həyata keçirilir və multi-modal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsi ilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra minimum gündə bir qatarın bu marşrutla nəql edilməsi planlaşdırılır, Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılması istiqamətində vacib addımlar atılır.
Hazırda məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu yol istismara verildikdən sonra Azərbaycan ilk dəfə Avropaya dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur seqmentləri yaradılmaqdadır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yol vasitəsi ilə yükdaşımaların əhəmiyyətini artıracaq. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadı zona da yaradılacaq, bununla əlaqədar, artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanıb. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq. Hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və loqistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu yeni xidmətlərinin tətbiqi, Azərbaycanda gələcəkdə gəlirlərin artmasını təmin edən amillərdəndir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tranzit dəhlizləri arasında mühüm əhəmiyyət kəsb edən dəhlizlərdən biridir. Bu layihə Hindistan, Hind okeanı sahilində yerləşən dövlətləri, İran, Azərbaycan, Rusiya və Skandinaviya dövlətlərini vahid nəqliyyat marşrutunda birləşdirir. Şimal-Cənub Tranzit Dəhlizinin inkişaf perspektivi Rusiya və Skandinaviya ölkələri ilə ticarət dövriyyəsini ildən-ilə genişləndirən Hindistan dövlətidir. Şimal-Cənub Tranzit Dəhlizi digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda, Azərbaycanla İran arasında yüklər avtomobillər vasitəsi ilə, dəhlizin digər hissələrində isə dəmir yolu ilə daşınır.
Azərbaycan və İran dəmir yolları birləşdirildikdən sonra yükdaşımaların xərcləri daha da aşağı düşəcək və bu amil tranzit yüklərinin çoxalmasına xidmət edəcək. Azərbaycanın tranzit potensialını artıracaq və digər nəqliyyat layihələri arasında mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də, Cənub – Qərb nəqliyyat dəhlizi hesab olunur. Dəhliz İran Körfəzi / Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən – ilə genişləndirən Hindistan dövlətidir. Avropa Birliyi ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 mln. ton təşkil edir və bu dövriyyənin 94% hissəsi Hind okeanından Süveyş kanalı və Aralıq dənizi vasitəsi ilə Avropa Birliyinə daşınmaqdadır. Bundan əlavə, 2014-cü ilin statistik məlumatlarına görə, Avropa Birliyi ölkələrinin İran və Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 207,1 mlrd. dollar təşkil edib. Cənub – Qərb Tranzit Dəhlizinin daşıma müddəti baxımından 50% qısa və tranzit qiyməti baxımından isə rəqabətə davamlıdır.
2014-cü ildə isə dəmir yolu Azərbaycanda dəmir yolu vasitəsi ilə 21 mln. tona yaxın yük nəql edilib. Reallaşdırılan nəqliyyat dəhlizləri, tikintisi başa çatan nəqliyyat qovşaqları, yaradılan hablar tam fəaliyyətə başladıqdan sonra isə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 mln. tona çata bilər. Burada həm Azərbaycan dəmir yolları, həm Xəzər Dəniz Gəmiçiliyinin, həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və tranzit yükdaşımalarda xidmət göstərən digər dövlət qurumlarının ümumi gəlirlərini hesablayanda (hər nəql olunan 1 ton yükə ümumən təxminən 50 dollar), Azərbaycan dövlətinin görəcək faydasını (hər il təxminən 2,5 mlrd. dollar) görmək çətin deyil. Azərbaycanın apardığı regional ticarət siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, bu 4 marşrutların konkret coğrafi və yükdaşıma çərçivəsi olsa da, gələcəkdə onların arasında bəzi sinerqiyalar yaradıla bilər. Onların hərəsi digərini tamamlayaraq, bu ticarət siyasətinin təməlində duran yükdaşımalarının diversifikasiyasını təmin edə bilər.