Azərbaycan Avropaya qaz ixracını artıracaq İqtisadiyyat

Azərbaycan Avropaya qaz ixracını artıracaq

Energetika naziri Pərviz Şahbazovun Ağ evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının (Ağ ev) iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşü olub. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərində regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsiziliyi layihələrinin həyata keçirilməsi üzrə uzunmüddətli əməkdaşlığın əhəmiyyətindən, mürəkkəb enerji böhranı dövründə Cənub Qaz Dəhlizinin rolundan danışılıb. Bildirilib ki, üç il ərzində Cənub Qaz Dəhlizi Avropanı 31 milyard kubmetrdən çox təbii qazla təchiz edib. Hazırda dəhlizin genişləndirilməsi və Avropaya tədarükün artırılması Azərbaycanın səyləri ilə həyata keçirilir. Həmçinin Azərbaycanın zəngin bərpaolunan enerji potensialının ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəltdiyi qeyd olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsindən bəhs edilib və görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “yaşıl enerji”nin inkişafına güclü dəstək var. Azərbaycanın COP29-a sədrliyi də məhz yaşıl enerji, iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir.
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensiala malikdir və dəhlizin ötürücülük imkanlarının artırılması üzrə planlar reallaşdırılacaq. Azərbaycan son illər ardıcıl olaraq qaz hasilatını və ixracını artırır. Cənub Qaz Dəhlizi ilə iki ildən artıqdır ki, Avropaya 31 milyard kubmetr qaz tədarük edilib. Öllkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. İndi isə Azərbaycanın yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin prioritetləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcək.
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda istismara verildiyi vaxtdan etibarən 570 milyon ton neft və 205 milyard kubmetr təbii qaz hasil olunub. Hasil olunan neftin 60 faizi və ya 345 milyon tonu xarici bazarlarda çıxarılıb ki, bu da ölkənin iqtisadi inkişafına daha da təkan verib. "Azərbaycan "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra daha 35 saziş bağlayıb. 1997-ci ildə Azərbaycanda neft hasilatı illik 9 milyon ton olub, lakin "Əsrin müqaviləsi" bağlandıqdan sonra neft hasilatı 5,6 dəfə artdı və 2010-cu ildə 51 milyon tona çatdı. Lakin sonrakı illərdə “qara qızıl” hasilatı illik 35 milyon tonadək azaldı. bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
AÇG-də iştirak payları bp - 30,37%; SOCAR- 25%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil - 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%-dir.
Azərbaycan qaz ixracı imkanlarını da genişləndirir. Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq. TAP-ın imkanları mərhələli şəkildə ikiqat artırılacaq. Bazar sınağı 2021-ci ildə başlanıb. Birinci mərhələ yanvarın 22-də tamamlanıb, ikinci mərhələni isə ilin ikinci yarısında, böyük ehtimalla sentyabr-oktyabr ərzində başlanması nəzərdə tutulur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub.
“Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb. Bu yataqların daha əlverişli şərtlərlə işlənilməsi vaxtı 2050-ci ilə qədər uzadılıb. Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil, bir çox yenilikləri özündə ehtiva edir. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlərin Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməsi nəzərdə tutulub. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradıb.
Ölkəmizdə son illərdə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. 2023-cü ildə respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 26,2 milyard kubmetri “Şahdəniz”, 0,8 milyard kubmetri “Abşeron”, 8,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 216,3 milyard kubmetr, “Şahdəniz”dən isə 209 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 148,1 milyard kubmetri ixraca nəql edilib.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Azərbaycanın neft-qaz sektoruna 27 il ərzində 89 milyard ABŞ dolları məbləğində xarici sərmayə qoyulub. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib. Bakı-Supsa 99,4 milyon ton, Bakı-Tbilisi-Ceyhan (BTC) isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib. “Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb, 170 milyard dollardan çox gəlir əldə edilib.

Mahir Həmzəoğlu