Səlim Müslümov BƏT rəhbəri ilə görüşüb İqtisadiyyat

Səlim Müslümov BƏT rəhbəri ilə görüşüb

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in baş direktoru Qay Rayderlə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir görüşdə vurğulayıb ki, əmək resurslarından səmərəli istifadə edilməsi, hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir: "Prezident cənab İlham Əliyevin milli iqtisadiyyatın sürətli inkişafını təmin edən islahatlar kursu uğurlu iqtisadi şaxələndirmə və özəl sektorun genişlənməsi şəraitində əmək tutumlu sahələrin və yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə səbəb olub. Məşğulluğun artımı ötən dövrdə əhalinin adambaşına gəlirlərinin dəfələrlə artmasını, bu əsasda rifah səviyyəsinin yüksəlməsini şərtləndirib. Son illərdə qlobal böhranın təsirlərinə adekvat olaraq aparılan islahatlar da ölkədə iqtisadi dayanıqlığı, xüsusən qeyri-neft iqtisadiyyatında artımı stimullaşdırıb, əmək bazarındakı sabitliyin davam etməsini, işsizliyin aşağı səviyyədə saxlanmasını təmin etməyə imkan verib. Dünya İqtisadi Forumunun "2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"nda 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yeri tutan Azərbaycan həmçinin bu hesabata əsasən əmək bazarının səmərəliliyi üzrə 26-cı yerdədir".
Nazir bildirib ki, ölkə iqtisadiyyatının perspektiv istiqamətləri üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulan dörd strateji hədəfin hər biri ümumi iqtisadi inkişafın davamlı xarakter almasına hesablanmaqla bərabər, məşğulluq amilini də ehtiva edir: "Sənəddə insan kapitalının inkişaf etdirilməsi ayrıca strateji məqsəd kimi müəyyən edilib. Bu da bir tərəfdən əmək məhsuldarlığının yüksəldilməsinə, digər tərəfdən işçi qüvvəsinin əmək bacarıqlarının artırılması yolu ilə layiqli əməyin təminatına, nəticə etibarilə əmək bazarının inkişafının milli iqtisadiyyatın perspektivinə uyğunlaşdırılmasına yol açır".
Səlim Müslümov əmək hüquqlarının qorunması, layiqli əməyin təmin edilməsi yönündə ölkəmizdə fəal siyasətin aparıldığını vurğulayıb, dövlət başçısının müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası barədə məlumat verib. O qeyd edib ki, bu Komissiyanın fəaliyyəti işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. kimi mühüm məqsədlərə yönəlib.
Nazir Azərbaycanda ümumi sosial müdafiə sisteminin mühüm komponentlərindən biri kimi işsizlikdən sığorta sisteminin qurulması işlərinin də aparıldığını bildirib: "Artıq "İşsizlikdən sığorta haqqında" Qanunun layihəsi parlament səviyyəsində müzakirədədir. Bu Qanunun qəbulu bir tərəfdən işsiz vətəndaşların sosial müdafiəsinin güclənməsinə və aktiv əmək bazarı proqramlarının daha da genişlənməsinə şərait yaratmaqla, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılmasında da stimullaşdırıcı rol oynayacaq".
Son illərdə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları, yeni yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərini diqqətə çatdıran S.Müslümov müvafiq iş sahələrinin təkmilləşdirilməsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini, ötən dövrdə əlaqələrin daim genişləndiyini vurğulayıb: "BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici, 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulan Azərbaycan müvafiq sahədə qanunvericiliyini bu sənədlərin prinsiplərinə uyğun formalaşdırıb. Ötən dövrdə bu Təşkilatla bir sıra aktual iş sahələri, o cümlədən gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, kadr və institisional potensialın gücləndirilməsi üzrə birgə layihələrin icrasında uğurlu iş təcrübəmiz vardır. "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" əməkdaşlığımızın daha da genişlənməsinə, Proqramda əksini tapan sosial-iqtisadi hədəflərə doğru birgə və məqsədyönlü işlərin aparılmasına imkan verib".
Ölkəmizdə özünüməşğulluq proqramının icrasında BƏT-in meyarlarına xüsusi önəm verildiyini qeyd edən nazir bu proqramın uğurla həyata keçirilməsində, xüsusən beynəlxalq sertifikatlı təlimçilər qrupunun yaradılmasında BƏT-in dəstəyini yüksək dəyərləndirib. Səlim Müslümov özünüməşğulluq proqramının icrası, habelə ölkənin yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanması sahəsində BƏT-lə aparılan birgə işləri əməkdaşlığın uğurlu davamı kimi qiymətləndirib: "Hazırda Azərbaycanla BƏT arasında çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyi mövcuddur və bu amil əsas götürülərək ölkəmiz BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürüb".
Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla daim genişlənən əməkdaşlığından, ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan islahatların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. BƏT-in Baş direktoru "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın imzalanmasını əməkdaşlığın yeni mərhələsi kimi qeyd edərək, Proqramdan irəli gələn məsələlərin həlli sahəsində respublikamızda uğurlu nəticələrə nail olunacağına əminliyini bildirib. Rayder Azərbaycanda aktiv əmək bazarı tədbirlərinin genişlənməsinin, işsiz və işaxtaran insanların özünüməşğulluq fəaliyyətinə şərait yaradılmasının təqdirəlayiq olduğunu, bu sahədə, həmçinin sosial dialoqun gücləndirilməsində BƏT-in bundan sonra da dəstək göstərmək əzmində olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.