

"2024-cü ildəki güclü iqtisadi artımdan sonra, bu il Müstəqil Dövlətlər Birliyi (MDB) regionunda iqtisadi zəifləmə proqnozlaşdırılır".
"APA-Economics" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilib.
"MDB və Gürcüstan üzrə birgə ÜDM 2024-cü ildə 4,5 faiz artdığı halda, bu göstərici 2025-ci ildə 2,5 faizə enəcək. Bu zəifləmə, əsasən, Rusiya iqtisadiyyatındakı yavaşlama və kiçik MDB ölkələrinin Rusiya ilə apardığı vasitəçi ticarətin təsirinin azalması ilə izah olunur" - hesabatda qeyd edilib.
BMT-nin məlumatına görə, regionun iqtisadi perspektivləri Ukrayna müharibəsinin mümkün həlli, Rusiya Federasiyasına qarşı sanksiya rejiminin dəyişməsi, enerji və xammal qiymətlərindəki dəyişikliklər, həmçinin Çin kimi böyük iqtisadiyyatlardakı inkişafla sıx bağlıdır.
Proqnozlara əsasən, Rusiya iqtisadiyyatı 2025-ci ildə cəmi 1,5 faiz artacaq. Bunun əsas səbəbləri kimi əmək bazarındakı çatışmazlıqlar və sərt pul-kredit siyasəti göstərilir. Neftin qiymətinin aşağı düşməsi isə enerji ixracatçısı olan Rusiya, Qazaxıstan və Azərbaycan kimi ölkələrin fiskal xərcləmə planlarına mənfi təsir edə bilər.
Ukraynanın iqtisadi gələcəyi müharibənin gedişatı, Qara dəniz dəhlizinin fəaliyyəti və beynəlxalq maliyyə axınlarından asılı olaraq qalır. Münaqişədən sonrakı bərpa işlərinin təxmini dəyəri 524 milyard ABŞ dollarına yüksəlib.
BMT analitikləri bildirirlər ki, Mərkəzi Asiya ölkələri – xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistan güclü daxili istehlak və investisiyalar sayəsində yüksək iqtisadi artım tempini qoruyub saxlaya bilər.
Cənub-Şərqi Avropa regionunda isə ÜDM artımının 2024-cü ildəki 3,4 faizdən 2025-ci ildə 3,2 faizə enəcəyi gözlənilir. Bu regionda xarici tələbin zəifləməsi və siyasi sabitsizlik əsas risk faktoru olaraq qalır.