

2025-ci ilin I rübündə Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin birgə ÜDM həcmi 593.8 milyard ABŞ dollarına çataraq qlobal iqtisadiyyatın 2.1%-ni təşkil edib.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, orta hesabla 5.04% iqtisadi artım qeydə alan Türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2.3%-lik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13.1%, Özbəkistan 6.8%, ŞKTR 6.4%, Türkmənistan 6.3%, Qazaxıstan 5.6% artım nümayiş etdirib, Türkiyə və Azərbaycan isə müvafiq olaraq 2.0% və 0.3% səviyyəsində mülayim artım əldə edib. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0.2%) müşahidə olunub.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).