“Gələcək banklar – maliyyə xidmətləri göstərən yüksək texnologiyalı şirkətlər olacaqlar” İqtisadiyyat

“Gələcək banklar – maliyyə xidmətləri göstərən yüksək texnologiyalı şirkətlər olacaqlar”

Fəqan Nağıyev: "Bakının regionun maliyyə mərkəzinə çevrilməsi ölkənin qeyri-neft sektorunun, habelə maliyyə-bank sektorunun inkişafına böyük təkanı verərdi"
İsveçrənin 125-illik tarixə malik Julius Baer bank qrupuna daxil olan "Julius Baer Investment Advisory"nin İcraçı Direktoru Fəqan Nağıyevin "APA-Economics"ə müsahibəsi (ixtisarla)
- Swiss Private Banking və MDB bankları tərəfindən təklif olunan Private Banking arasında fərq nədən ibarətdir?
- Swiss Private Banking MDB ərazisində özəl bankçılıq xidmətləri göstərən banklarla müqayisə etmək çətindir, çünki İsveçrə banklarının Private Banking üzrə 1 əsrdən çox tarixə dayanan təcrübələri və ənənələri var. Habelə, MDB-də bank bazarı gənc olmaqla yanaşı, biznes fəaliyyətinin əsas istiqaməti kimi Prayvit Bankinqi (Private Banking) seçən hər hansı bir bankın olduğunu xatırlamıram.
- Sizin fikirinizcə, MDB-də Private Banking və Wealth Management sahələrinin inkişafını ləngidən amillər nədən ibarətdir?
- Bu mövzuda kifayət qədər geniş söhbət etmək olar: belə amillər və səbəblər çoxdur. MDB ölkələrində Prayvit Bankinqin inkişafını ləngidən əsas səbəblərdən biri kimi son illərdə bu ölkələrin maliyyə bazarlarında depozitlərin faiz dərəcələrinin yüksək olması, həmçinin müvafiq infrastrukturun olmaması və bu sahəyə lazımınca diqqət yetirilməməsidir. Məsələn, MDB ölkələri sırasından, Rusiyanı nümunə kimi göstərsək, 2013-cü ildən etibarən RF-nin Mərkəzi Bankı, depozitlərin faiz dərəcələrinin məhdudlaşdırılması istiqamətində bir sıra yeniliklər tətbiq etməyə başlamış və bu tədbirlər, Investment Banking və Private Banking sahələrinin inkişafına böyük təkan vermişdi. Mən buna oxşar vəziyyəti Azərbaycanda müşahidə edirəm. 2015-ci ildən başlayaraq Azərbaycanda da depozit faizlərinin kəskin şəkildə azalması, düşünürəm ki, Private Banking və İnvestment Banking sahələrinin inkişafına müsbət təsirini göstərəcək. Buna görə bu sahələrin inkişafı üçün zəruri infrastruktur yaratmaq, yüksək ixtisaslı kadrlar hazırlamaq, bank müştərilərini istiqamətləndirmək, onlara dünya trendlərini göstərmək lazımdır. Bundan əlavə, bu sahələrin inkişafının digər müsbət tərəfi, banklara gəlirlər strukturunda faiz gəlirlərini deyil, kommission gəlirləri artırmağa imkan yaradacaq.
- Sizin fikrinizcə, MDB ölkələrində uğurlu Private Banking modeli necə olmalıdır?
- Sözsüz, bu, "açıq arxitektura"dır. Nümunə olaraq götürsək, Rusiya bankları 2000-ci illərin ortalarında lazımi infrastrukturu bank daxilində yaratmağa çalışırdılar. Lakin zaman göstərdi ki, məsələyə bu şəkildə yanaşma daha çox kapital qoyuluşu və vaxt tələb etməklə yanaşı, mənafelərin toqquşmasına səbəb olur. "Açıq arxitektura" inkişaf modeli isə yüksək ixtisaslı və müstəqil vergi məsləhətçilərini, hüquqşünasları və digər mütəxəssisləri cəlb etməklə bazarda olan ən yaxşı məhsulları seçib, müştəriyə təklif etməyə imkan verir.
- Nəzərə alsaq ki, Private Banking Azərbaycanın bank sferasında nisbətən yeni istiqamətdir, Siz bu gün Azərbaycanda özəl bankçılıq sahəsinin inkişaf perspektivlərini necə görürsünüz?
- İlk öncə, qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın müasir bank sistemi ciddi dəyişikliklər mərhələsindədir. Ümid edirəm ki, maliyyə-bank sektorunda həyata keçirilən islahatlar, maliyyə nəzarətinin təkmilləşdirilməsi yaxın gələcəkdə müsbət töhfələrini verəcək.
İkincisi, fikrimcə, bu gün Azərbaycanda özəl bankçılıq sahəsində vəziyyəti qiymətləndirmək hələ tezdir. Amma birmənalı şəkildə deyə bilərəm ki, Private Banking üzrə müştəri seqmenti mövcuddur və bu istiqamətdə perspektivlər var. Mən hesab edirəm ki, ölkəmizdə Prayvit Bankinqin gələcək inkişafı üçün bu sahədə dünya təcrübəsi, habelə ölkənin iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla, milli kadrların hazırlanması və lazımi infrastrukturun yaradılması istiqamətində çalışmaq lazımdır. Prayvit Bankinq üzrə uğuru təmin edən əsas amil kadrlardır, "private banker" həm güclü peşəkar, həm hərtərəfli inkişaf etmiş şəxsiyyət, yaxşı psixoloq və xoş həmsöhbət olmalıdır. O cümlədən, PAŞA Bankın Azərbaycanda Prayvit Bankinq sahəsinin inkişafına böyük töhfələr verdiyini və bu məsələyə peşəkar, sistemli yanaşma nümunəsi göstərdiyini xüsusi qeyd etmək istərdim.
- Sizin fikirinizcə, MDB-də Private Banking qarşısında duran əsas vəzifələr hansılardı?
- Əsas vəzifələrdən biri kimi, kapitalın növbəti nəslə ötürülməsini qeyd etmək istərdim. SSRİ-nin süqutundan sonra, MDB tarixində ilk dəfə, kapitalın yeni nəslə ötürülməsi prosesi başlayıb və burada məsələnin hüquqi tərəfləri ilə yanaşı, mənəvi tərəfinə də xüsusi önəm vermək lazımdı. O cümlədən prosesin düzgün istiqamətləndirilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı üçün də çox önəmlidir. Kapitalın ötürülməsi zamanı ilk öncə bir sıra məqamlara aydınlıq gətirilməlidir: gənc nəsil belə "yük"ü qəbul etməyə hazırdırmı, onlar öz valideynlərinin biznesini sonradan uğurla davam etdirə biləcəklərmi və ya ümumiyyətlə, bununla məşğul olmaq istəyirlərmi? Bundan əlavə, biznes sahibləri miraslarını vərəsələri olmadığı halda və yaxud digər səbəblərdən xeyriyyəçiliyə yönəltmək fikrindədirlərsə, onda nə etməlidirlər? Bunun üçün lazımi infrastruktur varmı?
Bu çox önəmli məsələdir və cavabını gözləyən suallar çoxdur. Prayvit Bankinq müştərilərə ilk növbədə bu suallara cavab tapmaqda yardımçı olmalıdır.
- Siz MDB-də xeyriyyəçiliyin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?
- Burada iki amildən söhbət gedir: məsələnin emosional tərəfi və sistemli yanaşma. MDB ölkələrində xeyriyyəçilik sahəsində sistemli yanaşma çatışmır. Dünya təcrübəsini öyrənmək, bu məsələyə sistemli yanaşmaq və müstəqil peşə sahəsi kimi inkişaf etdirmək lazımdır. Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də xaricdə uğurlu fəaliyyətini MDB ölkələrində bu sahəyə sistemli yanaşmanın nadir nümunələrindən biri kimi qeyd etmək istərdim. Amma, təəssüf ki, MDB ölkələrində belə nümunələrin sayı çox azdır və regionda bu institutun inkişafı qane edən səviyyədə deyil.
- Sizin fikrinizcə, informasiya-telekommunikasiya texnologiyaların (IT-texnologiyaların) inkişafı klassik bankinqin gələcəyinə necə təsir edəcək?
- Düşünürəm ki, yaxın gələcəkdə klassik banklar indiki formada mövcud olmayacaqlar; gələcək banklar – maliyyə xidmətləri göstərən yüksək texnologiyalı şirkətlərə çevriləcəklər.
Bu gün süni intellektin inkişafı və onun müxtəlif sahələrdə tətbiqi gündəlik həyatımızın formatında ciddi dəyişikliklərə səbəb olur. Məsələn, hazırda hər bir meqapolis sakini mobil telefondan və yaxud proqram əlavələrindən istifadə etməklə orta hesabla gündəlik 400-500 MB-dan çox məlumat "istehsal edir". Müasir texnologiyalar bizə çox böyük həcmdə məlumatları emal edərək informasiyaya çevirməyə imkan verir. Ona görə də bu gün IT mütəxəssislərindən başqa az adama məlum olan "big date", "machine learning", "business intelligence" kimi anlayışlar yaxın gələcəkdə gündəlik həyatımızın reallığına və fəaliyyət sektorundan asılı olmayaraq biznesin müvəffəqiyyətini müəyyən edən əsas amillərə çevriləcəklər. Süni intellektin tətbiqi, qabaqcıl texnologiyaların inkişafı və avtomatlaşdırma, bank daxili biznes prosesləri dəyişdirməklə yanaşı, bəzi peşələrin tamamilə və ya qismən yeni peşələrlə əvəz edilməsinə gətirib çıxaracaq.
Bank biznesinin gələcəyinə təsir göstərəcək başqa tendensiyalar da mövcuddur. Məsələn, kraudfandinq (crowdfunding) bazarının və yaxud "xalq maliyyələşdirməsi"nin artım sürətini araşdırsaq, görərik ki, bu bazarın ümumi həcmi çoxdan 45 milyard ABŞ dollarına çatıb, bu platforma vasitəsilə verilmiş kreditlər üzrə gecikdirilmələr isə 4-5%-i keçmir. Ümumilikdə götürsək, risklərin qiymətləndirilməsi və idarə edilməsi sahəsində çatışmazlıqlara baxmayaraq, zənnimcə "crowdfunding" perspektivdə dünya bank sisteminin prinsiplərini dəyişdirə bilər.
- Bakı haqqında nə deyə bilərsiniz və Siz şəhərimizin gələcək inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Nəzərə alsaq ki, Bakı bizim doğma şəhərimizdir, qorxuram ki, mənim bu barədə fikrim emosional xarakterli olsun. Son 10 ildə Bakının bu qədər dəyişməsi çox sevindirici haldır. Bu məhz o dövr idi ki, mən xaricdə yaşadığıma baxmayaraq, şəhərimizdə baş verən dəyişiklikləri həmişə böyük maraq və qürur hissi ilə izləyirdim. Əlbəttə, dəyişikliklərin müəyyən konkret elementləri hamının xoşuna gəlməyə bilər, amma şəxsən mən hesab edirəm ki, Bakı MDB-də ən gözəl şəhərdir. Mən həmkarlarımla bərabər tez-tez Bakıda oluram və bu insanların üzündə heyranlıq əlamətləri görəndə, əlbəttə, öz ölkəm adına qürur duyuram. Əminəm ki, şəhərimizin potensialı böyükdür.
Şəhərimizin gələcək inkişaf istiqamətlərindən biri kimi, Bakının regionun maliyyə mərkəzinə çevrilməsi ölkənin qeyri-neft sektorunun, habelə maliyyə-bank sektorunun inkişafına böyük təkanı verərdi. Bu sahədə uğurlu dünya təcrübəsi var. Nümunə kimi Dubay Beynəlxalq Maliyyə Mərkəzini (Dubai International Financial Centre) göstərmək olar.
- Sizin fikrinizcə, ən perspektivli investisiya istiqamətləri hansılardır?
- Yuxarıda deyilənləri nəzərə alaraq, kənd təsərrüfatı, su, qida məhsulları və sağlam həyat tərzi ilə bağlı məhsulların istehsalı ilə bağlı sahələrin, o cümlədən IT sahəsini perspektivlərinə inanıram. Son 16-17 ilin statistik göstəricilərinə nəzər salsaq, Domino`s Pizza şirkətinin səhmlərinin son 16 ildə 2000%, Apple şirkətinin səhmlərinin isə təxminən 400% artımının şahidi olarıq. Yəni 2010-cu ildə Domino`s Pizza şirkətinin səhmlərinə sərmayə qoyulmuş 1 min dollar 2016-cı ildə təxminən 21 min dollardan çox, Apple şirkətinin səhmlərinə sərmayə qoyulmuş 1 min dollar isə təxminən 4,6 min dollar deməkdir.
- Hobbilərinizə vaxt ayıra bilirsinizmi?
- Sizin bu sualınıza Nassim Nikolas Talebin "Qara qu quşu" kitabından sətirlə cavab vermək istərdim: "İllər keçdikcə sizin bilikləriniz artacaq, kitabxananız böyüyəcək. Və oxunulmamış kitabların sıxlaşan sıralarına baxanda onlar sizi sanki təhdid edəcəklər. Sizin dünyagörüşünüz nə qədər genişdirsə, oxunulmamış qalan kitablarla dolu rəflərin sayı da bir o qədər çoxdur". Mən mümkün qədər kitab oxumağa çalışıram, amma rəflərdə oxunulmamış kitabların sayı get-gedə artır...