ING: Ermənistan və Azərbaycan regional risklərin azalacağı gözləntilərindən faydalanır İqtisadiyyat

ING: Ermənistan və Azərbaycan regional risklərin azalacağı gözləntilərindən faydalanır

"Ermənistan və Azərbaycan regional xarici siyasət risklərinin azalacağı gözləntilərindən faydalanır".

"APA-Economics" xəbər verir ki, Niderlandın ən böyük bank qrupu olan "ING Group"un qiymətləndirməsinə görə, MDB-4 ölkələrinin iqtisadiyyatları qlobal təzyiqlərə baxmayaraq dayanıqlı qalır. Ermənistan və Azərbaycan regional xarici siyasət risklərinin azalacağı gözləntilərindən faydalanır. Qazaxıstan və Özbəkistanda isə iqtisadi aktivlik gözləniləndən daha yüksək templə artır.

ING Group qeyd edir ki, pul-kredit siyasətinin yumşaldılması bütün ölkələrdə dayandırılıb, yalnız Azərbaycanda bu proses davam edir. Buna səbəb kimi inflyasiya risklərinin hələ də qalması göstərilir.
Digər tərəfdən, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı zəifləyən dinamika ilə üzləşib. İyul ayında ÜDM 2,3% azalıb, halbuki ilin ilk yarısında 1,5% artım qeydə alınmışdı. Büdcə profisiti ÜDM-in 2,6%-nə enib, pərakəndə kreditləşmə isə yüksək olaraq qalır.

Mərkəzi Bank iyulda uçot dərəcəsini 7,00%-ə endirib və sentyabrda sabit saxlayıb, açıqlamalarını əsasən valyuta bazarındakı hərəkətlərə yönəldib. Manatın 1,70/USD məzənnəsinə sabitlənməsi davam edir və 2025-ci il ərzində də bu səviyyənin qorunacağı proqnozlaşdırılır.

Moody’s isə iyul ayında Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib, bunu maliyyə ehtiyatlarının artması və Ermənistanla münasibətlərin normallaşması ilə əsaslandırıb. Bununla belə, ticarət profisitinin 2024-cü ildəki 5,5 mlrd. dollardan 2025-ci ildə 1,8 mlrd. dollara enməsi, neft qiymətlərinin zəif qalacağı təqdirdə ölkə iqtisadiyyatı üçün əsas risk faktoru olaraq qalır.