"Polşa da raket zərbələrinə məruz qala bilər” Dünya

"Polşa da raket zərbələrinə məruz qala bilər”

“Rusiyanın Polşa ərazisinə müdaxiləsini təsadüf hesab etmirəm. Mən bunu daha çox Rusiyanın Avropa ölkələri, dünya ölkələri, eləcə də Şimali Atlantika Blokunun reaksiyasını öyrənmək üçün həyata keçirdiyi bir addım kimi qiymətləndirirəm. Nəzərə alaq ki, bir müddət əvvəl Şimali Atlantika Blokunun baş katibi qeyd etmişdi ki, Rusiyanın nazı ilə çox oynamağa dəyməz, onu yerində oturtmağın vaxtı çoxdan çatıb. Bununla da Rusiya Polşada təxribat törətməklə bir növ öyrənmək istəyib ki, Avropa və ya Şimali Atlantika Bloku öz hədələrində nə qədər uzağa gedə bilərlər. Yəni əsas məqsəd budur”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Vəli Əlibəyov söyləyib.

V.Əlibəyovun bildirdiyinə görə, bu təxribatdan sonra Rusiyanın Polşaya və ya digər Avropa ölkələrinə qarşı belə hücumlar edib-etməyəcəyi Avropa, ABŞ və Şimali Atlantika Blokunun addımlarından asılı olacaq: “Əgər cavab, məsələn, sanksiyaların genişləndirilməsi sərt olarsa, o zaman Rusiya bir müddət geri çəkiləcək və bu hadisənin həqiqətən də təsadüfən baş verdiyini qeyd edəcək. Yox, əgər Avropa ölkələri sərt bəyanatlardan kənara çıxmayacaqlarsa, ola bilsin ki, Ukraynada müharibə davam edə-edə artıq Polşa ərazisi də raket zərbələrinə məruz qalsın”.

Röya İsrafilova