“Onun çıxışlarında reallıqla xəyallar tez-tez qarışdırılır” Gündəm

“Onun çıxışlarında reallıqla xəyallar tez-tez qarışdırılır”

“İranın Ermənistandakı səfiri Mehdi Sobhani Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə Azərbaycana qarşı açıqlama verib. O, "“Dəhliz” adlı heç nə mövcud deyil" deyib. Mehdi Sobhani “ermənidən daha çox erməni” olmağa çalışan obraz təəssüratı yatmağa davam edir. Bu ritorika artıq onun üçün ənənəvi ritorika xarakteri daşıyır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Aytən Qurbanova deyib.

A.Qurbanova bildirib ki, ümumiyyətlə, onun çıxışlarında reallıqla xəyallar tez-tez qarışdırılır: “Düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı məlum bəyanatı məhz bu qəbildən olan çıxış kimi qiymətləndirilə bilər. Xüsusilə də, təmsil etdiyi ölkənin Prezidenti Məsud Pezeşkianın mövzu ilə bağlı fərqli mövqedən olan çıxışlarına nəzər yetirdikdə, Sobhaninin İran daxilindəki radikal dini cərəyanın ideoloji xəttini təmsil etdiyini açıq şəkildə ifadə etmək olar. Nəticə etibarilə, öz fəaliyyət dövrünün sonlarına yaxınlaşan bu “diplomatın” çıxışlarına istinad edərək İranın mövqeyi ilə bağlı fikir bildirmək doğru olmaz. O sadəcə əzbərlədiyi mətni şifahi səsləndirmək vəzifəsini daşıyır. Ona görə də, Zəngəzur dəhlizi ilə bağlı “məlumatının” olmaması da təəccüb yaratmır”.

Röya İsrafilova