İran iqtisadi sahədə əməkdaşlığa böyük maraq göstərir İqtisadiyyat

İran iqtisadi sahədə əməkdaşlığa böyük maraq göstərir

İran iqtisadi sahədə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sentyabrın 13-də "Caspian İnd Expo" beynəlxalq sənaye sərgisində jurnalistlərə müsahibəsində deyib. "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi inkişaf strategiyası Azərbaycanın davamlı inkişafına, ölkə sənayesinin şaxələndirilməsinə, ilk növbədə isə qeyri-neft sektorunun inkişafına yönəlib. Ölkənin iqtisadi potensialı Azərbaycanın tarixi tərəfdaşlarının böyük marağına səbəb olub və bu mənada bu sərginin də özünəməxsus rolu var", - deyə N.Səfərov bildirib.
Nazir müavini vurğulayıb ki, sərgidə İran İslam Respublikasının şirkətlərinin çoxluq təşkil etməsi önəmli bir göstəricidir. Belə ki, Azərbaycanla İran arasında siyasi və iqtisadi münasibətlərin inkişafı, əlaqələrin getdikcə möhkəmləndirilməsi xüsusi əhəmiyyətə malikdir: "Bildiyimiz kimi ölkəmizdə İran İslam Respublikası ilə birgə bir neçə irimiqyaslı sənaye layihələri icra olunmaqdadır. İlk növbədə Neftçala sənaye zonasında icra olunan avtomobil zavodu layihəsini xüsusi qeyd etmək istərdim. Tikinti işləri uğurla həyata keçirilir. On min avtomobil istehsal etmək gücünə malik müəssisədə 450-ə yaxın işçi çalışacaq. Bu, Neftçala və ətraf rayonların iqtisadi inkişafına ciddi təsir göstərəcək".
N.Səfərov əlavə edib ki, digər mühüm layihə isə Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi istiqamətində işlərin aparılmasıdır. Burada buraxılan məhsulların çeşidləri artıq müəyyən edilib. Nazir müavininin sözlərinə görə, bu gün Bakıda açılan sərgi İran tərəfinin iqtisadi sahədə Azərbaycanla əməkdaşlığa böyük marağının bariz göstəricisidr. Bu maraq həm İqtisadiyyat Nazirliyi, həm də şirkətlərimiz tərəfindən də dəstəklənir. "Düşünürəm ki, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın nümunələrini müşahidə edəcəyik",- deyə, N.Səfərov vurğulayıb.