

“Ölkədə sığorta-pensiya sisteminin maliyyə dayanlıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində əsasən iki mühüm seqment üzrə müvafiq işlərin görülməsi məqsədəuyğundur. Biz ölkədə işgüzar fəallığın stimullaşdırılması üçün xüsusilə innovativ sahələrə investisiyaları artırmalıyıq. Düşünürəm ki, bunun əməkhaqqı fondunda da, məcburi dövlət sosial sığorta haqlarında da müsbət nəticələri hiss olunacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Elşad Məmmədov söyləyib.
E.Məmmədov əlavə edib ki, bu, bütövlükdə ölkə iqtisadiyyatında müvafiq sosial ödənişlərin reallaşdırılması üçün resurs bazasını genişləndirəcək: “O cümlədən də biz bunun sığorta-pensiya sistemində müsbət nəticələrini bu yolla əldə edə bilərik. İkinci istiqamət isə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya fəaliyyəti ilə məşğul olmasının geniş şəkildə tətbiqidir. Zənnimcə, bu yolla DSMF öz müvafiq resurs bazasını genişləndirə bilər. Sevindirici hal kimi qeyd etmək istəyirəm ki, DSMF-də fondun investisiya fəaliyyəti ilə bağlı müvafiq işlər görülür. Ümid edirəm ki, bu işlərin ardıcıl, sistemli şəkildə davam etdirilməsi fondun imkanlarını genişləndirəcək və bütövlükdə ölkədə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının artılmasına və sığorta prinsiplərinin gücləndirilməsimə xidmət edəcək”.
Röya İsrafilova