Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb İqtisadiyyat

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 8 milyard 801,64 milyon kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 4 % çoxdur.

Bu ilin sentyabr ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 958,25 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,44 % azdır.

Belə ki, bu müddət ərzində 8 milyard 433,24 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 368,39 milyon kubmetr isə spot əsasında təchiz edilib. Bununla belə, sentyabrda uzunmüddətli əsasda ixrac 883,62 milyon kubmetr qaz, spot mexanizmi ilə isə 74,62 milyon kubmetr təşkil edib.

Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 26,6 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 035,29 milyon kubmetr təbii qaz ixrac edib.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ümumilikdə 41 milyard 157,89 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni aylarının göstəricisi ilə müqayisədə 17,4 % çoxdur.

Sentyabrda isə Türkiyə 3 milyard 605,42 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 6,75 % çoxdur.

Yanvar-sentyabr aylarında Türkiyəyə 30 milyard 707,48 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (74,61 %), 10 milyard 450,48 milyon kubmetr isə (25,39 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.

Sentyabrda isə Türkiyəyə 3 milyard 212,78 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (89,11 %), 392,64 milyon kubmetr isə (10,89 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.

Sentyabrda Türkiyəyə qaz ixracına görə birinci yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 447,12 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 0,04 % çoxdur.

Sentyabr ayında üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 807,41 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin eyni ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 58,02 % artıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.