Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir İqtisadiyyat

Fitch Solutions: Azərbaycan enerji və geosiyasi üstünlüklərlə mövqelərini möhkəmləndirir

Azərbaycanın xarici siyasəti Qarabağda əldə etdiyi qələbədən sonra daha da güclənib.

Bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinin hesabatında bildirilib.

Qeyd edilib ki, əvvəllər çoxvektorlu yanaşma yürüdən Azərbaycan bundan sonra Cənubi Qafqaz regionunda, xüsusilə ticarət marşrutlarına nəzarət baxımından təsirini artırmağa çalışacaq.

Bildirilib ki, Azərbaycanın xarici siyasəti strateji müstəqilliklə praqmatik tərəfdaşlıqlar arasında balansı qoruyan çoxvektorlu xətt üzrə davam edəcək: "Qarabağ münaqişəsi tarixən ölkənin ittifaqlarının formalaşmasında mühüm rol oynasa da, rəsmi Bakı son illərdə ənənəvi tərəfdaşlardan kənarda diplomatik və iqtisadi əlaqələrini şaxələndirməyə yönəlib. Türkiyə ilə münasibətlər ortaq etnik və mədəni bağlar əsasında əhəmiyyətli dərəcədə dərinləşib və hərbi əməkdaşlıqla möhkəmlənib. Eyni zamanda Azərbaycan Cənub Qaz Dəhlizindəki rolundan istifadə edərək Avropa üçün əsas enerji təchizatçılarından biri kimi mövqeyini gücləndirib, bununla da geosiyasi əhəmiyyətini artırıb. Bu enerji diplomatiyası Avropanın qaz təchizatını şaxələndirmək cəhdləri fonunda rəsmi Bakı ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradıb".

Gələcəyə baxdıqda, "Fitch Solutions" hesab edir ki, Azərbaycan dəyişən regional nizam şəraitində öz suverenliyini qorumağa, münaqişədən sonrakı mərhələdə əldə etdiyi mövqeləri möhkəmləndirməyə və strateji coğrafi mövqeyi ilə enerji resurslarından istifadə edərək müstəqil və çevik xarici siyasət xəttini davam etdirməyə çalışacaq.