Istanbulda Dünya Halal Sammitində nələr müzakirə olunub? İqtisadiyyat

Istanbulda Dünya Halal Sammitində nələr müzakirə olunub?

"Türkiyə Halal Akkreditasiya Qurumun təsis edərək çox önəmli bir addım atdı. İlin sonunadək bu qurum daha da güclənərək hər bir kəsə layiqincə xidmət edəcək".
Bunu iqtisadiyyat naziri Nihat Zeybekçi "Halal: Bir yaşam tərzi" şüarı altında keçirilən Dünya Halal Sammitində (World Halal Summit) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, halal akkreditasiya ilə məşğul olan qurumların hər biri müsəlman ölkələrinə aid olmalıdır: "Bu, olduqca düzgün qərardır. Biz kiminləsə düşmən deyilik, amma halal akkreditasiya ilə niyə qeyri-müsəlman ölkələri məşğul olmalıdır? Bu gün bir çox qeyri-müsəlman ölkələrində halal akkreditasiya ilə məşğul olan qurumlar var. Həmin ölkələrdə halallıqla bağlı verilən sertifikatlar qəbuledilməzdir".
Nazirin fikrincə, halal bazarı daha təkmilləşməli və inkişaf etdirilməlidir. Bu xüsusda N.Zeybekçi maliyyə, turizm, əczaçılıq, kimya sektorlarına diqqət çəkib.
O bildirib ki, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzvü olan və toplam əhalisi 1,8 mlrd. nəfər olan 57 ölkədə istehlak olunan halal malların yalnız 20%-i həmin ölkələr tərəfindən istehsal olunur. "Ümid edirəm ki, gələcəkdə halal malların istehsalını artırmağa nail olacağıq. İstehsal etdiyimiz halal malların sertifikatlaşdırılmasını, yəni onların həqiqətən də hala və ya haram olduğunu biz təsbit etməliyik, başqası deyil", - deyə qurum rəhbəri vurğulayıb.
Nazir onu da qeyd edib ki, İslam maliyyəsi ilə birgə halal bazarın həcmi 4 trln. dollar təşkil edir.
"İslam Əməkdaşlığı Təşkilatının 57 üzvü İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun çətiri altında birləşib. Hər kəs demək istədiyini orada dilinə gətirsin. İslam ölkələri müsəlmanları narahat edən məsələlərlə bağlı qaydaları özləri qoymalıdırlar. Yoxsa biz tarix qarşısında bunun cavabını verməli olacağıq. Bundan əmin olun!" - deyə nazir bildirib.