Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib İqtisadiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

"İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək. Ona görə də bu orqanların fəaliyyətinin müasir və səmərəli əsaslar üzərində təkmilləşdirilməsi istiqamətində islahat tədbirlərinin sürətləndirilməsi vacib məsələlərdən biridir". Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticələrinə, bu tədbirlərin və özünüməşğulluq proqramının genişləndirilməsi, eləcə də işsizlikdən sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönələn islahatlar proqramının uğurlu nəticələri, dövlət investisiya layihələrinin icrası, yeni sənaye parklarının və zonalarının yaradılması, tranzit potensialının artırılması və inşaat sektorunun canlanması, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi əmək resurslarının səmərəli məşğulluq imkanlarının artmasına səbəb olub: "Bunlarla paralel olaraq, dövlət başçısının tapşırığı əsasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində işəgötürənlərlə birgə aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Qeyd olunan pozitiv proseslər ölkəmizin əmək bazarında sabit vəziyyəti şərtləndirən müsbət meyillərin formalaşmasına şərait yaradıb. Bunu ifadə edən göstəricilərdən biri kimi, cari ilin 10 ayında məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz azalma özünü göstərib".
S.Müslümov qeyd edib ki, bu dövrdə məşğulluq orqanlarının xətti ilə 43 746 nəfər şəxsin məşğulluğu təmin olunub, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 3170 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.
Nazir bildirib ki, bu il məşğulluq orqanlarının fəaliyyətində yeni və mühüm bir istiqamət - aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi olub: "Cari ildə artıq 1232 aztəminatı ailəyə aktivlər verilməklə onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmalarına, gəlirlərini artıraraq yoxsulluqdan sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradılıb. Cənab Prezidentin tapşırığına uyğun olaraq, gələn il proqrama bundan bir neçə dəfə çox sayda ailəni cəlb edəcəyik. "İşsizlikdən sığorta haqqında" Qanunun növbəti ilin əvvəlindən tətbiqinə başlanılacaq. Bunun nəticəsində İşsizlikdən Sığorta Fonduna 2018-ci ildə toplanması gözlənilən 89 mln. manat vəsaitin 35,8 mln. manatının və ya 40 faizinin özünüməşğulluq proqramına, 1 mln. 613 min manatının peşə hazırlığı və əlavə təhsilin, 1 mln. 788 min manatının haqqı ödənilən ictimai işlərin, 1 mln. 150 min manatının peşəyönümünə dair məsləhət xidmətlərinin, 120 min manatının isə əmək yarmarkaları və əmək birjalarının təşkil olunmasına yönəldilməsi nəzərdə tutulur. Göründüyü kimi, işsizlikdən sığorta vəsaitləri hesabına formalaşan vəsaitdən işsizliyə görə sığorta ödənişləri və s. üçün istifadə olunmaqla bərabər, eyni zamanda həmin vəsaitin mühüm bir hissəsi əhalinin məşğulluğunun dəstəklənməsinə sərf olunacaq. Beləliklə, aktiv məşğulluq tədbirlərinin miqyasının xeyli genişlənməsi, bu tədbirlərin əhatə edəcəyi vətəndaşların sayının dəfələrlə artması, ümumən ölkədə sosial müdafiə siyasətində məşğulluq amilinin rolunun gücləndirilməsi məşğulluğun təminatı sahəsində çalışan əməkdaşların da məsuliyyət və səylərinin artmasını, onların öz iş sahələrinə, tapşırılan vəzifələrin icrasına daha işgüzar və peşəkarlıqla yanaşmalarını tələb edir".
S.Müslümov diqqətə çatdırıb ki, bu gün Dövlət Məşğulluq Xidmətində aparılan islahatların, Xidmətin fəaliyyətinin modernləşdirilməsi üçün müvafiq tvinninq layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin bir istiqaməti də məşğulluq orqanlarının kadr potensialının təkmilləşdirilməsinə, bu sahədə peşəkar və yüksək ixtisaslı işçi heyətinin formalaşmasına yönəlib: "Məşğulluq orqanlarının fəaliyyətinin müasir iş mexanizmləri əsasında qurulmaqla səmərəliliyinin və məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinin təmin olunması, beləliklə, onların əmək bazarında rolunun artırılması bizim üçün əsas hədəflərdəndir. Hazırda apardığımız islahatlar digər tərəfdən peşəyönümü sahəsində yeni xidmətlərin yaradılmasına, kvota sistemi ilə bərabər, əmək bazarına inteqrasiyada çətinlik çəkənlərə ünvanlanan yeni aktiv əmək bazarı proqramlarının hazırlanması və tətbiqinə yönəlib". Son illərdə əmək və sosial müdafiə sahələrində müasir texnologiyalar əsasında avtomatlaşdırılmış sistemlərin qurulduğunu qeyd edən S.Müslümov hazırda məşğulluq xidmətlərinin, habelə işsizlik müavinəti sisteminin də elektron infrastrukturunun yaradılması, bu sahədə xidmətlərin elektron müstəvidə təqdim edilməsi üçün müvafiq işlərin aparıldığını bildirib.
Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılmasının vacibliyini qeyd edən nazir bildirib ki, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planında da bu tədbir əksini tapıb: Bununla əlaqədar əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın, yəni əmək bazarının ardıcıl və əhatəli müşahidə sisteminin yaradılması nəzərdə tutulub. Digər tərəfdən, əmək ehtiyatları balansının tərtibinə dair avtomatlaşdırılmış kompleks məlumatlar sisteminin yaradılması zəruridir. Əmək bazarının vəziyyəti, əmək resurslarının balansı, işçi qüvvəsinin ərazi üzrə bölgüsü və digər vacib göstəricilər üzrə sistemləşdirilmiş hesabat və statistikanın formalaşdırılmasına imkan verəcək həmin sistemin qurulması ilə bağlı qaydaların layihəsi artıq hazırdır.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, cari ilin 10 ayında boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən 2581 nəfəri Xidmətin Əmək birjaları tərəfindən mövsümi və müvəqqəti xarakterli işlərlə təmin edilib. Bu dövrdə respublika üzrə 76,8 min nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunaraq, onlara əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib. Cari ildə məzun və tələbələr üçün "Karyerada ilk addım" devizi altında 9 ali təhsil ocağında təşkil edilən aktiv məşğulluq tədbirlərində 519 müəssisə tərəfindən 2,6 min boş (vakant) iş yeri təqdim olunub. Eyni zamanda, dövlət məşğulluq siyasətinin icrasında işəgötürənlərlə əməkdaşlığın səmərəli təşkil olunması üçün aparılan işlər diqqətə çatdırılıb.
Daha sonra iclasda məşğulluq orqanlarının aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, özünüməşğulluq proqramının icrası sahəsində fəaliyyəti və həmin proqramın genişləndirilməsi, əhaliyə göstərilən məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, bu sahədəki fəaliyyətdə səmərəliliyin artırılması üçün qarşıda duran vəzifələr geniş müzakirə olunub, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Aktiv məşğulluq tədbirlərinin təşkilində yol verilən nöqsan və çatışmazlıqlar da qeyd edilib, fəaliyyətini düzgün qura bilməyən, nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi qərara alınıb.