“Benzinin idxalı bahalaşmaya gətirib çıxar bilər“ İqtisadiyyat

“Benzinin idxalı bahalaşmaya gətirib çıxar bilər“

Samir Əliyev: "Aİ-95 markalı benzin idxal olunarsa deməli Tarif Şurası onun qiymətini tənzimləməyəcək"
Pərviz Heydərov: "Yeni neft emalı zavodu tikilənə kimi "Avro-5" və "Avro-6"ya keçməli olsaq, Aİ-92 markalı benzini də, hətta ola bilsin, dizeli də kənardan gətirməli olacağıq"

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinlərin satışı və istehsalı dayanacaq. O bildirib ki, artıq bununla bağlı hökumətə müraciət də edilib: "Biz tələbatın ödənilməsində yaranan çətinliklə əlaqədar hökumətə müraciət etmişik. Aİ-98 və 95 marka benzinin azad satışı həyata keçiriləcək ancaq biz əsas gücümüzü Aİ-92 marka benzinin istehsalına sərf edəcəyik. Yəqin ki, bu məsələyə ölkədə baxılır. Qərar qəbul edildikdən sonra biz yalnız 92 benzini istehsal edəcəyik".
Bu qərar yanacağın qiymətinə təsir göstərə bilərmi? Onu da nəzərə almaq lazımdır ki, Hazirlər Kabinetinin qərarı ilə bəzi benzin, dizel və mühərrik yanacaq növlərinin aksiz vergi dərəcələri azaldılıb.
Buna münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev öz Fasebook səhifəsində yazıb ki, Aİ-95 markalı benzinin idxalı onun qiymətinin bahalaşmasına gətirib çıxar bilər. Mütəxəssis qeyd edib ki, Aİ-95 markalı benzin idxal olunarsa deməli Tarif Şurası onun qiymətini tənzimləməyəcək: "ARDNŞ prezidenti Rövnəq Abdullayevin Aİ-95 markalı benzinin ölkədə istehsalının dayandırılması və idxal edilməsi ilə bağlı fikirlərində bir təhlükəli məqam diqqətimi cəlb etdi. Əvvəlcə, qeyd edim ki, bu açıqlama avtokreditlərin dayandırılmasının benzin istehlakı ilə bağlı olması fikrimizi bir daha sübut edir. Təhlükə isə ondan ibarətdir ki, Aİ-95 markalı benzinin idxalı onun qiymətinin bahalaşmasına gətirib çıxar bilər. Çünki Tarif Şurası bildiyiniz kimi Azərbaycanda istehsal olunan yanacağın qiymətini tənzimləyir. Aİ-95 markalı benzin isə idxal olunarsa deməli Tarif Şurası onun qiymətini tənzimləməyəcək. Necə ki, Aİ-98 markalı benzində bunu görürük. Rövnəq Abdullayevin bu təklifi qəbul edilərsə, Aİ-95 markalı benzinin bahalaşması üçün hökumətin əlində şans olacaq".
İqtisadçı ekpert Pərviz Heydərov isə bildirib ki, əslində isə ARDNŞ prezidenti ölkədə yanacaq məhsullarının qiymətlərinin Tarif Şurasının qərarı ilə hələ keçən ilin dekabr ayının 3-dən etibarən yüksəldilməsinə münasibətdə söylədi ki, Aİ-95 markalı benzinin qiymətini də Aİ-98 kimi sərbəst buraxmaq lazımdır. Lakin ARDNŞ prezidentinin bu fikiri Aİ-95 barədə buna bənzər addımın gec-tez atılacığını deməyə əsas verirdi: "Ümumiyyətlə, Nazirlər Kabinetinin (NK) Aİ-92 və Aİ-95 markalı benzin markalarının idxalı üzrə gömrük rüsumları və aksiz dərəcələrinin yumşaldılmasına dair bu ilin 21 yanvar tarixində verdiyi 16 və 15 nömrəli qərarlarının cari ilin iyun ayına kimi qüvvədə olacağını şərh edəndə yazmışdıq ki, bu, ölkəyə benzin idxalının müvəqqəti xarakter daşıyacağını ehtiva etmir. Məsələ bundadır ki, Azərbaycanda onsuz da təmiz - "Avro-4" standartına uyğun Aİ-95 markalı benzin istehsal olunmurdu. Belə ki, Aİ-92 markalı benzin, belə demək mümkündürsə, əlavə emal olunmaqla Aİ-95-ə çatdırılırdı. Aprel ayında "Avro-4"ə keçiddən sonra isə bu əməliyyat artıq işə yaramayacaq. Çünki sözügedən norma benzinin keyfiyyətini qaldırmağı tələb edir. Bizdə isə təkrar edirik ki, hətta "Avro-3"ə uyğun keyfiyyətdə də olsa belə, Aİ-95 istehsal olunmur". Onun bildirdiyinə görə, neçə ildir ki, Aİ-98 markalı benzini ölkəmiz kənardan alır: "2014-cü ilin aprelin 1-dən "Avro-4" ekoloji normasına keçiddən sonra isə yerdə qalan markalı benzinləri hardan və nə cür əldə edəcəyimizi əvvəlki şərhlərimizdə də sual etmişdik. Təkrar edirik ki, Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti hazırda Avropada ən yüksək standart sayılan "Avro-5" və "Avro-6"dan 3 dəfə geri qalır. Və bizim, həmin standartlara çatmağımıza 2023-cü ilə kimi - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilib istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayana qədər vaxt tələb olunur. Bəs, nə etməli? Təbii ki, idxala başlanmalıdır. Onu da qeyd edək ki, yeni neft emalı zavodu tikilənə kimi "Avro-5" və "Avro-6"ya keçməli olsaq, Aİ-92 markalı benzini də, hətta ola bilsin, dizeli də kənardan gətirməli olacağıq". Onun fikrincə, ancaq burada bir cəhət var: "O da bundan ibarətdir ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 saylı qurğusunda bəzi cari işlər aparılsa da, aprel ayında onun əsaslı təmirə saxlanılması ilə əlaqədar Aİ-92 və Aİ-95 markalı benzinlərin ölkəyə idxalıyla bilavasitə ARDNŞ-in özünün məşğul olacağı deyilir. Yeri gəlmişkən, həmin işlərlə bağlı olaraq müvafiq texniki layihə tapşırığı verilib və hazırlıq işlərinə də başlanıb. NK-nın yuxarıda qeyd etdiyimiz qərarları da Neft Şirkətinin bu sahədə əlavə xərclərinin qarşısını almaq məqsədi daşıdığı bəlli idi. Sual yaranır ki, Aİ-95 markalı benzinin istehsalı əgər birdəfəlik dayandırılırsa, onun idxalıyla sonadək məgər ARDNŞ məşğul olacaqmı? NK-nin Aİ-92 və Aİ-95 markalı benzin markalarının idxalı üzrə gömrük rüsumları və aksiz dərəcələrinin yumşaldılmasına dair bu ilin 21 yanvar tarixində verdiyi 16 və 15 nömrəli qərarların hazırda yanacaq doldurma məntəqələrinə ayrı-arı operatorlar tərəfindən xaricdən gətirilən Aİ-98 markalı benzinə dəxli yoxdur. Ona görə də, onun daxili bazarda satış qiyməti 1 manat 50 qəpikdir. Aİ-92 və Aİ-95 markalı benzinlərin də idxalını Neft Şirkətindən kənar strukturlar həyata keçirərlərsə və həmin markaların da qiymətləri sərbəst buraxılarsa azı 1 manatdan yuxarı olacaq. Çünki gömrük rüsumları və aksiz dərəcələrinin ləğvi hər şeyə görə və uzun müddətə tətbiq edilə bilməz. Doğrudur, "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixli, 35 saylı Qərarı ilə aksiz vergilərinin dərəcələri azaldılıb. Aİ-95-in aksiz vergisi üzrə dəcədə bu azalma 2,5 dəfə, Aİ-92 və Aİ--80 markalarında 2 dəfə, dizel yanacağında isə 3,2 dəfə təşkil edib".
Onun fikrincə, NK-nin bu qərarı ölkəyə yanacaq məhsullarının idxalının başlanılmasına hesablanılıb: "Yanacaq məhsullarının Tarif Şurası tərəfindən ötən ilin dekabrın 3-dəki qərarına bunun heç bir aidiyyəti yoxdur. Ölkəyə benzin idxalı ilə hələlik ARDNŞ özü məşğul olacaq. NK-nın bu qərarı da onun məhz itkilərini kompensasiya etməyə hesablanıb və buna hazırlıq məqsədi daşıyır. Çünki aksiz vergisi məhsulun harda istehsal olunmasından asılı olmayaraq satış qiymətində oturur. NK-nin bu qərarı ilə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin son məlumatı bir məqsədi ehtiva edir ki, ölkəyə yanacaq məhsullarının kütləvi idxalına başlanılır. Bu işlə isə ilkin mərhələdə Neft Şirkəti məşğul olsa da, sonradan prosesə özəl qurumların qoşulacağı nəyinki istisna deyil, bizcə, qaçılmaz olacaq. Çünki 2020-2021-ci illərə qədər daxili bazarda avtomobil benzininə olan tələbatı maksimum dərəcədə ödəmək üçün benzin və dizel yanacağı istehsalını, ümumiyyətlə, ölkədə neft emalı sahələrində mövcud qurğuların gücünü artırmaq məqsədilə həyata keçiriləcək tədbirlər həmin vaxtadək idxalsız keçinməyə əsla imkan yaratmayacaq".
İqtisadçı ekspert İlham Şaban vurğulayıb ki, neft emalı zavodunun tikintisinin 10 il sonrayadək təxirə salındığı halda Neft Şirkəti tərəfindən bu ən doğru addımdır: "Niyə? Ona görə ki, Heydər Əliyev adına NEZ-da reallıqda Ai-92 markalı benzin istehsal edilir. Sonra aşqarlar və digər qarışıqlar hesabəma benzinin oktan dərəcəsi artırılaraq 95-ə çatdırılırdı. Yəni bu bir növ "təmiz istehsallı" Ai-95 markalı benzin olmurdu. Çünki bunun üçün zavodda lazımi texnoloji avadanlıq yox idi, onların quraşdırılması isə külli miqdarda kapital qoyuluşu tələb edirdi. Ancaq nəzərə alanda ki, bu zavod yenisi ilə əvəz olunacaq, təbii ki, SOSAR belə xərclərə gedə bilməzdi". İlham Şaban qeyd edib ki, ölkə bazarında istehlak olunan benzinin təqribən 8-9%-i Ai-95 markasına aiddir: "İstehlakçıların bir qismi ona görə bu markalı benzindən istifadə etmirdilər ki, onun şəhərdaxili istifadəsi zamanı heç bir keyfiyyət parametrlərini hiss etmirdilər. Bu baxımdan da istehlakçılar arasında aşağı oktanlı benzinə üz tutmaları nəticədə texniki baxımdan Ai-95 markalı benzinə hesablanmış avtomobilin daha çox yanacaq sərfiyyatına səbəb olur, həm də son nəticədə vaxtından əvvəl texniki nasazlıqlara gətirib çıxarırdı". Onun sözlərinə görə, SOSAR-ın təklifi qəbul olunarsa, artıq yüksək keyfiyyətli "Avro-4" standartından aşağı ekoloji keyfiyyət parametrlərinə malik olmayan Ai-95 markalı benzin idxal olunacaq: "İstehlakçılar daha keyfiyyət məsələsində tərəddüd edə bilməyəcəklər. Ancaq bir incə məsələ var. Qiymətin sərbəstləşdirilməsi. 2014-cü ilin aprelində SOSAR Heydər Əliyev adına zavodda yenidənqurma işlərinə start verəcək və aşağı oktanlı benzin istehsal edəcək yeni qurğu tikəcək. Onun gələcəkdə maksimum illik istehsal gücü 450 min ton ətrafında olacaq. Hazırda Azərbaycanın daxili bazarında 1,3 milyon ton benzin istehlak edilir. Yəni hökumətin ciddi cəhdləri (qiymətlərin artımı, avto kreditləşmənin sərtləşdirilməsi, avtomobil qayda pozuntularına görə cərimələrin dəfələrlə artırılması, parkinqlərdə qiymətlərin baha olması, gömrük tariflərinin bahalılığı və sair) hesabına benzinə olan artım səviyyəsini əgər 4-5% civarında saxlamasaq, onda 2020-ci ilə qədər yenə daxili bazarda gərginlik yarana bilər. Bunun tənzimlənməsinin ən effektiv yolu isə qiymətlərin sərbəstləşdirilməsidir. Təbii ki, burada hökumətə verilən təklifdə söhbət Aİ-95 markalı benzindən gedir. Onu çox güman ki, Rumıniyadan və Rusiyadan idxal edəcəklər. Və yerli bazarda artıq Aİ-95-in qiyməti aprelin 1-dən (həmin tarixdən Heydər Əliyev adına NEZ modernizasiya işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracaq) 1 AZN-dən aşağı olmayacaq". Onun fikrincə, ölkəyə 2011-ci ildən idxal edilən Aİ-98 markalı benzində müşahidə etdik ki, onun qiyməti də Tarif Şurası tərəfindən təyin edilir: "Belə olan halda hökumət qarşısında məsələ qaldırılmalıdır ki, idxalçılara imkan verilsin, heç bir monopolist cəhdlərə yol verilmədən parakəndə yanacaq satanlar özləri yüksək oktanlı benzini ölkəyə idxal edib və istədikləri qiymətə müştərilərə təklif etsinlər. Həqiqətən ilk zamanlar yüksək qiymətlər psixoloji cəhətdən müştərilərdə şok effekti yaratsa da, ancaq sonradan azad rəqabət gec-tez özünü göstərəcək".

Əli