“Enerji marşrutlarının risk altına düşməsi rəqabəti kəskinləşdirir” İqtisadiyyat

“Enerji marşrutlarının risk altına düşməsi rəqabəti kəskinləşdirir”

“Hörmüz boğazının bağlanması və “Saudi Aramco”nun enerji infrastrukturuna qarşı hücum regional hadisə olmaqdan daha çox, qlobal güc balansına yönəlmiş siyasi mesaj kimi qiymətləndirilməlidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

Politoloq deyib ki, bu marşrut dünya enerji dövriyyəsinin əsas arteriyalarından biridir və ona təhdid faktiki olaraq beynəlxalq sistemə təzyiq aləti deməkdir: “Məsələ yalnız neft qiymətlərinin artımı ilə məhdudlaşmır. Enerji marşrutlarının risk altına düşməsi böyük güclər arasında rəqabəti kəskinləşdirir və Körfəz regionunu qlobal strateji qarşıdurmanın mərkəzinə çevirir. Bildiyimiz kimi, enerji infrastrukturu artıq sadəcə iqtisadi obyekt deyil, eləcə də siyasi təsir və çəkindirmə mexanizminin tərkib hissəsidir”.

Onun bildirdiyinə görə, qiymətlərin 120–150 ABŞ dollarına qədər yüksəlməsi ehtimalı enerji ixrac edən dövlətlərin siyasi imkanlarını genişləndirə, idxalçı ölkələrin isə manevr sahəsini daralda bilər: “Bu isə enerji faktorunun geosiyasi alət kimi rolunu daha da gücləndirir. Nəticə etibarilə, böhranın nəzarət altında saxlanılmasıdır. Əgər diplomatik mexanizmlər işləməzsə və qarşıdurma genişlənərsə, enerji təhlükəsizliyi qlobal sistemdə yeni və daha dərin geosiyasi parçalanmanın katalizatoruna çevrilə bilər”.

Röya İsrafilova