18:38
686
Bakıda Slovakiya-Azərbaycan Biznes Forumu keçiriləcək.
Tədbir Slovakiya Prezidenti Peter Pelleqrinin Bakıya səfəri çərçivəsində baş tutacaq.
Slovakiya Prezident Administrasiyasından verilən məlumata görə, forumda Slovakiyanın iş adamları iştirak edəcək. Tədbirin məqsədi ticarət əməkdaşlığını genişləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətini dəstəkləməkdir.
Administrasiyadan bildirilib ki, Bratislava ilə Bakı arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, innovasiya, nəqliyyat və texnoloji tərəfdaşlıq kimi strateji əhəmiyyət daşıyan sahələrdə münasibətlərin inkişafını təsdiqləyir.
Qeyd edək ki, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək. O iyulun 14-də Qarabağda Prezident İlham Əliyevlə görüşəcək.
Görüşdə əsasən enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Slovakiyanın ixracının dəstəklənməsi, sənaye və texnoloji əməkdaşlığın inkişafı, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək.